Yazıçı Seyfəddin Dağlının vəfatından 41 il ötür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Özünəməxsus üslubu olan, güclü qələm sahibi, nasir, dramaturq, publisist,
tərcüməçi kimi Azərbaycan ədəbiyyatında təkrarsız iz qoyan Seyfəddin Dağlının
anım günüdür.
Cixisyolu.com Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı jurnalist,
yazıçı Seyfəddin Dağlının əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Seyfəddin Əliağa oğlu Abbasov (Dağlı) 1921-ci avqustun 27-də Xızıda dоğulub.
Ədəbi fəaliyyətə tələbə yaşlarından başlayan Seyfəddin Dağlı 1930-cu illərin
sonlarında ilk oçerk və felyetonlarını yazıb. O, həm də hərbi jurnalist kimi
1944-46-cı illərdə Təbrizdə nəşr olunan “Vətən yolunda” adlı qəzet ilə
əməkdaşlıq edib.
1959-1976-cı illərdə “Kirpi” satirik jurnalının baş redaktoru işləmiş
yazıçının satira və yumor janrında yazdığı roman, povest və hekayələri
“Vergülağa və Absətəli”, “Sabiqlər”, “Göyçək oğlan”, “İpək gül”, “Yaylaq
qayğıları”, “Şakərlilər”, “Aldada bilməzsən”, “Mənziliniz mübarək” və başqa
kitablarda toplanıb.
Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr
olunan “Bahar oğlu” romanı yazıçıya böyük şöhrət gətirib.
Yazıçı 1953-cü ildə C.Cabbarlının qızı Gülarə Cabbarlı ilə ailə həyatı qurub.
Onların bu izdivacdan üç övladı dünyaya gəlib.
Jurnalist kimi bir müddət “Kоmmunist” və “Оrdu” qəzetlərində çalışıb və
müxtəlif vəzifələri icra edib. Dövlət Radiо Kоmitəsində baş redaktоr
(1956-1959), sоnra Bakı Telestudiyasının direktоru və sədr müavini
vəzifələrində çalışıb. Uzun müddət “Kirpi” jurnalının baş redaktоru оlub.
“Azərbaycanfilm” kinоstudiyasında ssenari redkоllegiyasının üzvü, “Yazıçı”
nəşriyyatında redaktоr vəzifəsində çalışıb. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı”
adlı kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa dоğru”,
“Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar
оğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və sair kitabları geniş охucu
rəğbəti qazanıb.
Yazıçının “Adı sənin, dadı mənim” pyesi İqor Peşenyevin tərcüməsində Moskva
Akademik Dram Teatrında tamaşaya qoyulub və Mərkəzi Televiziya ilə nümayiş
olunmuşdu. İkihissəli tamaşada məşhur rus aktyorları rol almışdılar.
Seyfəddin Dağlı 1962-ci ildə qayınatası, böyük Azərbaycan dramaturqu Cəfər
Cabbarlıya həsr etdiyi “Bahar oğlu” və Cənubi Azərbaycan qadınlarının ağır
həyatından bəhs edən “Kəcil qapısı” romanlarını yazıb. Ümumilikdə isə o,
irili-xırdalı 18 kitabın müəllifidir.
1979-cu ildə onun ssenarisi əsasında “Bahar kimi solmaz” filmi də çəkilmişdi.
Yazıçı Seyfəddin Dağlı ürəyi ilə bağlı narahatlıq yaşayırdı. Yanvarın 16-sı
qızı Qəmərin oğlu olduğunu öyrənir və sevinir. Lakin səhhəti ilə bağlı
sevincini belə, ürəkdən yaşaya bilmir. Yanvarın 18-də yuxudan oyanan yazıçının
ürək ağrıları daha da şiddətlənir. Həyat yoldaşı tez təcili yardıma məlumat
verir. Lakin təəssüf ki, yazıçının həyatını xilas etmək mümkün olmur. O,
1983-cü il yanvarın 18-də Bakıda dünyasını dəyişir.