43086baf-9b5a-4502-a160-af559c2beab3..jpg

Yeddi-doqquz mərtəbəli binalar söküləcək? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 563 dəfə baxılıb.

Yeddi-doqquz mərtəbəli binalar söküləcək? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı
”nı təsdiq edib. Baş planda əksini tapan əsas
məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər
Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması
nəzərdə tutulub. Əslində Bakıda köhnə mənzil fondunun yenilənməsi prosesi bir
müddətdir davam edir. Tikinti şirkətləri “xruşşovka” layihəli köhnə
beşmərtəbələri söküb yerində çoxmərtəbəli evlər tikirlər. Amma Baş planda
köhnəlmiş mənzil fondunun yarısının yenilənməsi hədəf kimi qoyulursa, deməli,
növbəti illərdə beşmərtəbəli binalarla yanaşı, digər binaların da sökülməsi
reallaşa bilər.

Bu halda köhnə yeddi-doqquz mərtəbəli binalar da bu plan çərçivəsində sökülə
bilərmi?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ümumi
mənzil fondunda köhnə tikililərin payı azalmaq üzrədir:

“Müəyyən bir dövr olacaq ki, ümumiyyətlə Bakıda köhnə binalar qalmayacaq.
Çünki müasir dövrün tələbi geniş otaqlar və işıqlı mənzillərdir. Hazırda,
əsasən “xruşşovka”lar sökülür. Gələcəkdə bu proses panel doqquzmərtəbələrə də
keçə bilər. Panel doqquzmərtəbələrin istismar müddəti bitməyib. Bir müddətdən
sonra onların da yenilənməsinə ehtiyac duyulacaq. Sıralama üzrə bütün köhnə
binalar yerini yenitikililərə verməlidir. Burada əsas məsələ onların istismar
müddətidir. Elə tikililər var ki, 1980-ci illərdə tikilib. Həmin binalar
istismara yararlıdırlar. 2040-cı illərdə onların istismar müddəti bitəcək və bu
binalar da sökülməli olacaqlar”.

V.Orucun sözlərinə görə, hazırda birmərtəbəli həyət evləri stilində tikilmiş
və söküntü ərazisinə yaxın yerlərdəki mənzillərin də sökülməsi gözlənilir:

“Eyni zamanda, 1940-cı illərdən sonra tikilmiş ikimərtəbəli və üçmərtəbəli
binalar, italyan, alman layihələri, “stalinka”lar ardıcıl olaraq söküləcəklər.
Onlardan nisbətən yenisi “Leninqrad” və “Minsk” layihələridir. Həmin binaların
da istismar müddəti başa çatdıqdan sonra sökülmə ehtimalları yüksəlir. Həyət
evləri də söküləcək mənzillər sırasına daxildir. Elə həyət evləri var ki,
hasara alınıb və həyətyanı sahə əlavə olunub. Amma bu sahələr qanunsuzdur.
Onların da söküləcəyi gözlənilir”.

Müsahibimizin fikrincə, nə qədər ki, köhnə binalar sökülməyib, istismar
müddəti tam bitməyib, onların yenilənməyə ehtiyacı var:

“Məsələn, müasir dövrün tələblərinə uyğun kanalizasiya və su xətləri çəkmək
olar. Təmir, bərpa-quruculuq işləri aparılmalı, köhnə binalar da müasir
şərtlərə cavab verməlidir. Beləliklə, onların ömürlərini artırmaq, müasir
tələblərə uyğunlaşdırmaq mümkündür. Amma zaman keçdikcə onların da
əvəzlənməsinə ehtiyac olacaq”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, istismar
müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış
binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən
başlayaraq mərhələli şəkildə sökülərək, yenitikili binalarla əvəzlənir, yaxud
həmin ərazilərdə park tipli komplekslər salınır:

“Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar
müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və
iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün
təhlükəlidir. Hazırda paytaxt ərazisində 11 minə yaxın istismar müddətini
bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir”.

E.Fərzəliyev bildirib ki, daha hündür binaların sökülməsi şirkətlərə sərf
etmədiyi üçün bu, hələ ki mümkün deyil:

“Köhnə çoxmənzilli binalara 10 mərtəbəyə qədər olanlar aiddir. 1980-ci
illərdən sonra tikilmiş binalar 10 mərtəbəli binalardır. Həmin çoxmərtəbəli,
köhnə tikili binaların istismar müddətinin bitməsinə hələ var. Düşünürəm ki, o
binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki, binaları sökənlər özəl
şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə
başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və
çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli
binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinin iflas etməsinə gətirib
çıxarar”.

Ekspertin sözlərinə görə, binaların tez zamanda sökülməsini həyata keçirmək
lazımdır:

“Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı
binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər
qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa
işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı,
insan tələfatı baş verməsin. Binaların sökülüb yenitikili binalarla əvəzlənməsi
bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni, sökülən hər üç-beş mərtəbəli binanın
yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların
pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu
binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.

Source link