Yel çərşənbəsi qar gətirdi: Şamaxıda qarın hündürlüyü 30 santimetrə çatır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən gün axşam saatlarından Şamaxı və İsmayıllıya yağmağa başlayan qar bu
saatlarda da davam edir.
AZƏRTAC xəbər verir ki, yağan qar gecə saatlarında Şamaxı və İsmayıllının dağ
kəndlərində daha da intensivləşib. Qar səbəbindən Şamaxı-Pirqulu avtomobil
yolunda hərəkət çətinləşib. Ən çox qar hazırda Şamaxının Dəmirçi və ətraf
kəndlərində müşahidə edilir. Yerli sakinlərin verdiyi məlumata görə, həmin
kənddə qarın hündürlüyü 30 santimetrə çatır.
Hazırda Şamaxının şəhər mərkəzi də daxil olmaqla, bir çox kəndlərində qarın
yağması davam edir. Bakı-Şamaxı-Yevlax yolunun Şamaxıdan keçən hissəsində
avtomobillərin hərəkətində ciddi çətinlik qeydə alınmayıb.
İsmayıllının rayon mərkəzinə qar yağmasa da, bəzi kənd və qəsəbələrdə qarın
hündürlüyü kifayət qədərdir. Belə ki, yerli sakinlərin sözlərinə görə, ucqar
dağ kəndlərinə yağan qar bu saatlarda da davam edir. Rayonun Lahıc qəsəbəsində,
Əhən, Burovdal və ətraf kəndlərdə qarın hündürlüyünün 20 santimetrə çatdığı
bildirilir.