6d280863-fa5b-4618-bbb2-fa56927ac86e.jpg

Yelisey sarayı ətraf mühitə qarşı: Ekologiyaya xərclənməyən vəsait, silahlandırılan Ermənistan

Baxış sayı: 170 dəfə baxılıb.

İqlim dəyişiklikləri bəşəriyyət üçün ən ciddi problemlərdən biri olaraq
qalmaqdadır. Bu məsələ bütün qitələrin ölkələrinə və insanların həyatına mənfi
təsir göstərməklə yanaşı, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına da
maneə yaradır.

Azərbaycan qlobal iqlim çağırışlarının mahiyyətini dərk edərək bu sahədə
cəsarətli addımlarla seçilir. Rəsmi Bakı ən yüksək səviyyədə bəyan edir ki,
milli müstəvidə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioriteti
uğurla həyata keçirilir. Ölkə hətta 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik
ili” elan edib və işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonalarının
yaradılmasına start verilib.

Bakı bu ilin noyabrında BMT-nin ən nüfuzlu tədbirlərindən birinə – İqlim
Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) ev sahibliyi edəcək. Bununla da dünya ictimaiyyətinin
diqqəti bir daha Azərbaycana yönələcək.

Bu konfransın əsas vəzifəsi inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını
ödəyəcək yeni beynəlxalq iqlim maliyyə mexanizmlərinin razılaşdırılması olacaq.
COP29 qlobal iqtisadiyyatın və milyardlarla insanın həyatının iqlim
dəyişikliyinin fəlakətli təsirlərindən qorunmasında iqlim maliyyəsinin oynadığı
həlledici rolu vurğulayan mühüm bir tədbir olacaq.

Uğurlu nəticələr əldə etmək üçün dünya ölkələrinin birgə hərəkət etməsi
vacibdir. Lakin bəzi maliyyə və siyasi güc mərkəzləri, xüsusən də Fransa bu
zərurəti qəbul etmək istəmir. Açıqlanan son rəqəmlər göstərir ki, Fransa bu
sahədə, yumşaq desək, xəsislik nümayiş etdirir və ən cılız bəhanələrlə
məsuliyyətdən yayınır.

Dünyaca məşhur “Bloomberg” yazır ki, Fransa iqlim maliyyəsinə sərhədləri
xaricində kifayət qədər vəsait ayırmayan ölkələr sırasındadır. Paris iqtisadi
çətinlikləri əsas gətirərək beynəlxalq iqlim dəstəyinə məhdudiyyətlər tətbiq
edir. Bu isə Emmanuel Makronun rəhbərliyi altında Fransanın qlobal problemlərin
həllinə biganə münasibət sərgilədiyini göstərir.

İqtisadi artımla bağlı proqnozların reallaşmaması hökuməti xərcləri azaltmağa
məcbur edib. Bu çərçivədə nazirliklərin büdcəsi ixtisar edilərək 10 milyard
avroya qənaət planlaşdırılır. Paris artıq bu qənaət planının tətbiqinə
başladığını elan edib.

Burada haqlı sual yaranır: Necə olur ki, Fransa digər ölkələrin daxili
işlərinə qarışmaq, onlara milyonlarla avro ayırmaq üçün vəsait tapır, amma
bəşəriyyətin gələcəyi üçün vəsait tapmır? Məsələn, Afrikadakı keçmiş
müstəmləkələrdə baş verən hərəkatları yatırmaq və Ermənistana silah tədarükünü
maliyyələşdirmək üçün vəsait mövcuddur. Lakin iqlim dəyişikliyinə qarşı
mübarizə üçün kifayət qədər maliyyə ayrılmır.

Bu faktlar göstərir ki, bəşəri ideallardan bəhs edən Fransa, əslində,
gələcəyin ən mühüm problemlərinə etinasız yanaşır.

Azərbaycan üzərinə düşən beynəlxalq öhdəliklərə uyğun olaraq cəsarətli
addımlar atır. Lakin keçmişdə koloniyalarını talayan Fransa kimi ölkələr bu gün
iqlim problemləri ilə bağlı maliyyə öhdəliklərindən boyun qaçırırlar.

Fransanın İkinci Qarabağ müharibəsindən sonra Ermənistana ayırdığı yardımlara
nəzər salaq. Məsələn, ötən ilin sentyabrında Fransa Ermənistana rəsmi olaraq 5
ton humanitar yardım göndərib. Qeyri-rəsmi məlumatlara görə isə bu “yardım
məqsədli” vəsaitlərin ümumi məbləği yüzmilyonlarla avro həcmindədir. Bildirilib
ki, bu yardımlar Qarabağdan köç edən ermənilər üçün nəzərdə tutulub. Yardımı
İrəvandakı “Zvartnots” hava limanında Fransanın səfiri Olivye Dekottini və
Ermənistanın səhiyyə nazirinin müavini Lena Nanuşyan qarşılayıblar. Humanitar
yardımın çatdırılması üçün “Boeing 737-85R (SF)” təyyarəsi istifadə olunub və
əsasən tibbi ləvazimatlardan ibarət olduğu bildirilib.

Bundan bir ay sonra isə Paris İrəvana əlavə olaraq 15 milyon avro təcili
humanitar yardım ayırıb. “Fransa Ermənistanı və erməni xalqını dəstəkləməkdə
davam edir. Noyabrın 30-da parlament Ermənistana təcili olaraq 15 milyon
avronun ayrılmasını təsdiqləyib” , – rəsmi açıqlamada deyilir.

Bu faktlar Fransa hökumətinin iqlim məsələlərinə laqeyd münasibət
göstərdiyini, lakin siyasi məqsədlərlə Ermənistana əhəmiyyətli vəsait
ayırdığını bir daha təsdiqləyir.

Beləliklə, Fransanın Ermənistana ayırdığı yardımın həcmi 27.5 milyon avro
təşkil edir. Fransa Xarici İşlər Nazirliyində deyildiyi kimi, bu, BQXK,
Ermənistan Qırmızı Xaç və BMT agentliklərinin işini gücləndirməyə kömək edəcək.
Bundan əvvəl Paris İrəvana hərbi dəstək vermək niyyətini açıqlamışdı. 2024-cü
il iyunun 18-də isə SEZAR artilleriya qurğularının tədarükü ilə bağlı müqavilə
imzalanıb. Bu, 2024-cü il aprelin 19-da sərhədlərin delimitasiyası üzrə mühüm
razılaşmaların əldə olunmasından sonra Ermənistanla Azərbaycan arasında
münasibətlərin normallaşması prosesi fonunda baş verib.

Ümumiyyətlə, Fransanın Ermənistan və Cənubi Qafqazla bağlı strategiyası
siyasi, iqtisadi və hərbi məqsədlərin xaotik birləşməsidir. Yelisey sarayı
İrəvandan istifadə edərək bir tərəfdən bölgədə sülhün bərqərar olması prosesinə
zərbə vurmaq, digər tərəfdən isə silah satışından gəlir əldə etmək istəyir. Bu
strategiyanın bir neçə əsas aspekti var. Birincisi, Fransa siyasi manipulyasiya
siyasəti yeritməklə öz təsirini gücləndirmək üçün Ermənistanın ehtiyaclarından
istifadə edir. Ermənistanı hərbi dəstək və texnologiya baxımından asılı dövlətə
çevirib. Bu cür addımlar Ermənistanın Fransadan iqtisadi asılılığını artırır
ki, bu da Parisə lazım gəldikdə İrəvana təzyiq göstərməyə imkan verir.

Beləliklə də, qeyd olunanlar bir həqiqəti üzə çıxarır, sözdə bəşəri
ideyalardan, söz azadlığından “dəm vuran” Fransa kimi ölkələr bəşəriyyətin
inkişafında deyil, onun tənəzzülündə maraqlıdır.

“Report” İnformasiya Agentliyi

Source link