Xəbər verildiyi kimi, Mərkəzi Bank (AMB) yeni 200 manatlıq pul əskinaslarını dövriyyəyə buraxacaq.
ÇıxışYolu.Com xəbər verir ki, yeni əskinaslar növbəti aydan dövriyyədə olacaq.
Qeyd edək ki, hazırda dövriyyədə olan ən böyük əskinas 100 manatlıq əskinaslardır.
Yüksək nominallı əskinasların dövriyyəyə buraxılmasının milli valyutanın məzənnəsinə, eləcə də, pul bazarına necə təsir edəcəyi sual doğurur.
İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, bir sıra dövlətlər artıq kağız puldan imtina edir:
“Məsələn, Avstraliyada artıq keçən il ticarət dövriyyəsinin 94 faizə yaxını onlayn qaydada və ya kartlar vasitəsilə aparılıb. Nağd ödənişlərin payı cəmi altı faiz təşkil edib. ABŞ-da ticarət dövriyyəsinin 50 faizindən çoxu online qaydada aparılır. Avropa Mərkəzi Bankı isə bir müddət əvvəl 500-lük əskinasların dövriyyədən yığışdırılması ilə bağlı qərar vermişdi”.
N.Cəfərli deyir ki, Azərbaycanda əksər vətəndaşlar bank kartlarına, maaş kartlarına malik olsalar da, alış-verişi nağd şəkildə aparırlar. Bu da nağd pula olan tələbatı artırır. Ümumiyyətlə, ticarətdə, iqtisadi münasibətlərdə nağdlaşma yüksək səviyyədədir.
Ekspert nağd hesablaşmaların ticarət dövriyyəsinin gizlədilməsinə, vergidən yayınmalara gətirib-çıxardığını deyir:
“Gələcəkdə 500-lük nominalların dövriyyəyə buraxılacağı irəli sürülür. Yüksək nominallı əskinasların dövriyyəyə buraxılması həm vergidən yayınmalara, həm də kiçik nominallı əskinasların sıradan çıxmasına gətirib-çıxarır. 1-2-3 qəpikliklər artıq dövriyyədən çıxıb. Yüksək nominallı əskinasların dövriyyəyə buraxılması ilə 5-10 qəpikliklər də dövriyyədən çıxacaq”.
Onun sözlərinə görə, yüksək nominallı əskinasların dövriyyəyə buraxılması inflyasiyanı artırır.
N.Cəfərli hesab edir ki, yüksək nominallı əskinasların dövriyyəyə buraxılması ilə paralel nağdsız ticari münasibətlərin genişləndirilməsi yönündə addımlar atılmalıdır.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, pul dövriyyəsinə iri nominallı əskinasların buraxılması üçün real iqtisadi zəmin yoxdur:
“Azərbaycan bu məsələdə Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əməkhaqqı 3800 avro təşkil edir. Göründüyü kimi, orta aylıq əməkhaqqı dövriyyədə olan ən yüksək dəyərli əskinasdan səkkiz dəfə çoxdur.Azərbaycanda isə orta aylıq əməkhaqqı 532,4 manat təşkil edir. Buna görə də Azərbaycanda əskinasların nominallarını Avropa ölkələri ilə müqayisə etmək doğru olmazdı”.
V.Bayramov bildirib ki, dünyanın ən güclü iqtisadiyyatına malik ola ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır:
“Bu ölkədə xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 65 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Bankı əskinasların üzərində rəqəmləri artırmağa tələsmir.
Maraqlıdır ki, ABŞ-dan fərqli olaraq, Azərbaycan Mərkəzi Bankı dövriyyəyə daha yüksək nominalı olan pullar buraxmaq niyyətindədir”.
V.Bayramovun fikrincə, ölkədə nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq:
“Bu addım pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi tendensiyasını sürətləndirəcək. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərəcək.
İri əskinasların dövriyyəyə buraxılması istehlak bazarında qiymətlərin artımına, pulun alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Bu baxımdan, iri nominallı əskinasların inflyasiya yaradacağı, təəssüf ki, qaçılmaz olacaq”.
Leyla Əliyeva
www.ÇıxışYolu.Com