Oktyabrın 5-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri,
Daxili Xidmət nizamnamələrinin layihələrinin hazırlanması məqsədilə müdafiə
naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən yaradılan işçi
qrupunun görüşü keçirilib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi
general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə Silahlı
Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri qeyd olunan
nizamnamələrin təkmilləşdirilməsi məqsədilə görüləcək işlər barədə müzakirə
aparıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılan
islahatlar, əldə edilən uğurlar və tətbiq edilən yeniliklər istifadədə olan
hərbi nizamnamələrin müasir dövrün tələblərinə uyğunlaşdırılmasını və
təkmilləşdirilməsini zəruri edir.
Bundan başqa, görüşdə nizamnamələrin təkmilləşdirilməsinə əsas verən digər
səbəblər və məqsədlər, həmçinin işçi qrupunun fəaliyyət istiqamətində görüləcək
işlər zamanı inkişaf etmiş ölkələrin ordularının təcrübələrindən yararlanmağa
dair ətraflı fikir mübadiləsi aparılıb.