Yeni ilə yeni hədəflərlə – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
2023-cü ildə tarixi anlar yaşadıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə
suverenliyimiz bərpa edildi, separatizmə son qoyuldu. Xankəndidə üçrəngli
bayrağımız ucaldıldı.
Yola salmağa hazırlaşdığımız 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında
bir çox önəmli hadisələr və olaylarla yadda qalıb. Ümumilikdə, ulu öndərin
adını daşıyan “Heydər Əliyev ili”ni müstəqillik tariximizin ən unudulmaz
illərindən biri kimi xarakterizə edə bilərik.
“Kaspi”
məqalə dərc edib.
Səfirliyə hücum, deputata sui-qəsd
İlin əvvəlini heç də xoş xəbərlərlə qarşılamadıq. Yanvarın 27-də İrandakı
səfirliyimizə silahlı hücum nəticəsində mühafizə xidmətinin rəisi – baş
leytenant Orxan Əsgərov qətlə yetirildi, iki nəfər yaralandı. Nəticədə
səfirliyimiz öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.
Bu olayın ardınca daha bir səs-küylü cinayət xəbərini aldıq. Millət vəkili
Fazil Mustafa evinə gedərkən silahlı hücuma məruz qalaraq yaralandı.
Bakıda iki Zirvə görüşü, İsraildə səfirlik
2023-cü ildə Azərbaycan beynəlxalq səviyyədə bir çox ilklərə imza atdı. Bakı
dünyanın 120 ölkəsini özündə birləşdirən, BMT-dən sonra dünyada ən böyük
beynəlxalq əməkdaşlıq platforması sayılan Qoşulmama Hərəkatının COVID-19-la
bağlı Zirvə Görüşünə ev sahibliyi etdi. Bir müddət sonra Qoşulmama Hərəkatına
üzv dövlətlərin rəsmiləri yenidən Azərbaycana gəldi. Prezident İlham Əliyevin
də qatıldığı görüşdə Fransanın yeni müstəmləkəçilik siyasəti, BMT-də
islahatlar, Cənubi Qafqazda sülhün şərtləri, dünyadakı islamofob meyillər
müzakirə edildi.
30 ildən sonra İsraildə Azərbaycan səfirliyinin açılışı reallaşdı. Bu qərar
Azərbaycan-İsrail strateji əməkdaşlığında yeni mərhələnin başlanğıcını qoydu.
Moskva-Brüssel-Vaşinqton qarşıdurması
İlin birinci yarısı Azərbaycanla Ermənistan arasında müxtəlif platformalarda
sülh danışıqlarına şahidlik etdi. ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü
ilə Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda dörd gün davam edən
görüşü keçirildi. Ardınca Rusiya xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü
ilə tərəflər Moskvada bir araya gəldilər.
Müəyyən intervaldan sonra, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri
Nikol Paşinyan arasında Brüssel formatında görüş bərpa olundu. Mayın 25-də isə
Moskvada Prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin və Nikol
Paşinyanla üçtərəfli görüşü reallaşdı.
“Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində Kişineuda
Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının növbəti raundu
keçirildi. Bu proseslər sülh ümidlərini artırsa da, sonradan tərəflər
arasındakı danışıqlarda uzun fasilə yarandı. Ümumiyyətlə, 2023-cü ildə
beynəlxalq vasitəçilərin təşəbbüsü ilə reallaşdırılan bu müzakirələr
Moskva-Brüssel-Vaşinqton qarşıdurması kimi qiymətləndirildi. Ən sonda,
ikitərəfli danışıqlar formatında aparılan müzakirələr öz nəticəsini verməklə
əsirlərin qarşılıqlı mübadiləsi, sərhədlərin müəyyənləşdirilməsi prosesinin ölü
nöqtədən tərpənməsinə şərait yaratdı.
Xankəndidə ucalan bayraq
2023-cü ildə baş verən ən önəmli hadisə 19-20 sentyabr tarixlərində Qarabağda
aparılan lokal antiterror tədbirləri, bunun məntiqi nəticəsi olaraq suveren
ərazilərimizdə separatçı rejimin varlığına birdəfəlik son qoyulması, oktyabrın
15-də Xocalı, Ağdərə, Əsgəran da daxil olmaqla, Xankəndidə Azərbaycan
bayrağının qaldırılması idi. Bu tarixlər tək yola saldığımız ilin yox, müstəqil
Azərbaycanın mövcud olduğu illərin ən mühüm əhəmiyyət kəsb edən anları idi.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin parlaq zəkası, dəmir
iradəsi sayəsində onun rəhbərliyi ilə 30 illik işğal dövrü birdəfəlik bağlandı.
Sürətli bərpa və məskunlaşdırılma ili
2023-cü il həm də işğaldan azad edilmiş ərazilərimizin sürətli bərpası və
məskunlaşdırılması ili kimi də yadda qaldı. Noyabrın statistik göstəricilərinə
əsasən, Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinə 308 (1 106 nəfər),
Laçın şəhərinə 363 (1389 nəfər), Ağalı kəndinə 175 (871 nəfər), Talış kəndinə
20 (90 nəfər), Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb. Ümumilikdə,
işğaldan azad edilmiş ərazilərə 987 ailə olmaqla 3 932 nəfər köçürülüb. 2026-cı
ilin sonunadək 26 min ailənin tək Qarabağ iqtisadi rayonuna köçürülməsi nəzərdə
tutulur.
Növbədənkənar Prezident seçkiləri
Bütün bu proseslərin fonunda Azərbaycan ilin sonunda ölkəmizin gələcək
siyasi-iqtisadi inkişaf yolunu müəyyənləşdirəcək tarixi qərarın verilməsinə
şahidlik etdi. Prezident İlham Əliyev növbədənkənar Prezidenti seçkilərinin
elan edilməsi haqqında sərəncam imzaladı. Gələn il fevralın 7-də keçiriləcək
seçki prosesi ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün suveren ərazilərində
təşkil olunacaq. Laçın, Füzuli şəhərləri də daxil olmaqla evlərinə qayıdan
keçmiş məcburi köçkünlər ilk dəfə olaraq ata-baba yurdlarında səsvermə
hüquqlarından istifadə edəcəklər.
Xankəndidə futbol bayramı
2023-cü ildə idman sahəsində də çoxsaylı uğurlarımızın olmasına baxmayaraq,
iki hadisə xüsusilə seçildi. “Qarabağ” klubu ilk dəfə olaraq Avropa Liqasının
pley-off mərhələsinə vəsiqə qazandı. Ardınca isə 30 ildən sonra Xankəndi şəhər
stadionunda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın da izlədiyi iki yerli komandamızın – “Qarabağ” və MOİK-in
qarşılaşmasına şahidlik etdik.
“Yaşıl dünya naminə həmrəylik ili”
Yola saldığımız ildə əldə etdiklərimiz 2024-cü ilə daha böyük inamla
baxmağımızı şərtləndirir. Elə ilin son günlərində Prezident İlham Əliyev
tərəfindən Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan
edilməsinə də bu prizmadan yanaşmalıyıq. Gələn il Azərbaycan COP29 kimi mötəbər
bir tədbirə ev sahibliyi edəcək. Sərəncamda da vurğulandığı kimi, bu tədbirin
Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq
ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsidir.
Yeni ilimiz uğurlu, düşərli olsun!