1eae3175-6fdc-4ed2-aa8c-ba8e5def9cca..jpg

Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi

Baxış sayı: 512 dəfə baxılıb.

Yeni ixtisaslarla bağlı meyarlar müəyyənləşdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması
halları müəyyənləşib.

“Report”un əldə etdiyi məlumata görə, Elm və Təhsil Nazirliyinin
kollegiyasının təsdiqlədiyi qərarla əmək bazarının dəyişən tələblərinə uyğun
yeni təhsil proqramları əsasında ixtisaslı kadrların hazırlanması məqsədi ilə
təsnifata yeni ixtisaslar əlavə oluna bilər.

Təsnifata yeni ixtisasın əlavə olunması maraqlı tərəflərin (assosiasiyalar,
ittifaqlar, işəgötürənlər, işəgötürən birlikləri, dövlət orqan və qurumları,
sahibkarlar, təhsili müəssisələrinin elmi-pedaqoji heyəti/mühəndis-pedaqoji
heyət və sair) təşəbbüsü əsasında həyata keçirilir.

Təsnifata yeni ixtisasın əlavə olunması təşəbbüsü ilə çıxış edən maraqlı
tərəflər əsaslandırıcı müraciətlərini müvafiq təhsil müəssisəsinə təqdim
edirlər.

Müvafiq təhsil müəssisəsi təsnifata yeni ixtisasın əlavə olunması barədə
müraciətə 1 (bir) ay müddətində müəssisənin Elmi Şurasında/Pedaqoji Şurasında
baxır və müraciəti əsaslandırıcı hesab etdiyi halda, maraqlı tərəflərin, eləcə
də mütəxəssislərin və ekspertlərin iştirakı ilə İşçi Qrupunun yaradılması
barədə qərar qəbul edir.

İşçi Qrupu 3 ay müddətində təklif olunan yeni ixtisasın bu Qaydaların 2-ci
hissəsi ilə müəyyən edilmiş ümumi tələblərə uyğunluğunu araşdırır, yeni ixtisas
üzrə əmək bazarının mövcud vəziyyətini və gələcək prespektivlərini təhlil edir
və qiymətləndirir, işəgötürənlərin (işəgötürən birliklərinin) rəyini alır,
beynəlxalq təcrübəni öyrənir, əmək bazarının yeni ixtisas üzrə kadrlara olan
potensial tələbatını müəyyən edir və bununla bağlı hazırlanmış sənədləri və
materialları (hesabatlar, arayışlar, təqdimatlar, təhlillər, araşdırmalar,
sorğular və s.) təhsil müəssisəsinin Elmi Şurasına/Pedaqoji Şurasına təqdim
edir.

İşçi Qrupu müvafiq sənədlərin hazırlanmasını 3 ay müddətinə tamamlaya
bilməzsə, təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası qarşısında müddətin
artırılması barədə vəsatət qaldırır. Vəsatət məqsədəuyğun hesab edildiyi halda
təhsil müəssisəsinin Elmi/Pedaqoji Şurası müddətin ən çoxu bir ay müddətinə
artırılması barədə qərar qəbul edir.

Təhsil müəssisəsinin Elmi Şurası/Pedaqoji Şurası İşçi Qrupunun təqdim etdiyi
sənədlər əsasında təsnifata yeni ixtisasın əlavə olunması təklifinə baxır və
müvafiq qərar qəbul edir. Şura yeni ixtisasın açılması barədə müsbət qərar
qəbul etdiyi halda, İşçi Qrupuna 1 ay müddətində aşağıdakı sənədlərin
hazırlanması barədə tapşırıqlar verir:

– təsnifata yeni ixtisasın əlavə olunması barədə əsaslandırma (yeni ixtisasın
bu Qaydaların 2-ci hissəsinə uyğunluğu göstərilməklə);

– müvafiq pillə və səviyyə üzrə yeni ixtisasın təhsil proqramının layihəsi;

– təhsil proqramının (ixtisasın) təlim nəticələrinin peşə və kvalifikasiya
standartlarına uyğunluğu cədvəli;

– təhsil proqramının (ixtisasın) təlim nəticələrinə uyğun peşələr üzrə orta
müddətli dövr üçün kadrlara olan tələbat barədə məlumat.

Bu Qaydanın 3.6-cı bəndinə əsasən hazırlanmış sənədlər və materiallar təhsil
müəssisəsinin Elmi Şurasında/Pedaqoji Şurasında müzakirəyə çıxarılır və Şuranın
müsbət qərarı olduqda təsnifata yeni ixtisasın əlavə olunması barədə Elm və
Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılır.

Təsnifata yeni ixtisasın əlavə olunması barədə Nazirliyə təqdim olunan vəsatət
məktubuna aşağıdakı sənədlər əlavə edilir:

– təsnifata yeni ixtisasın əlavə olunması barədə maraqlı tərəflərin təhsil
müəssisəsinə rəsmi müraciəti ( maraqlı tərəf təhsil müəssisələrinin
elmi-pedaqoji/mühəndis-pedaqoji heyəti olduqda onların təhsil müəssisəsinin
rəhbərliyinə ünvanlanmış yazılı müraciəti);

– təsnifata yeni ixtisasın əlavə olunması barədə İşçi Qrupunun yaradılmasına
dair təhsil müəssisəsinin Elmi Şurasının/Pedaqoji Şurasının qərarı;

– yeni ixtisas üzrə İşçi Qrupunun bu Qaydaların 3.5-ci bəndinə uyğun
hazırladığı sənədlər və materiallar (hesabatlar, arayışlar, təqdimatlar,
təhlillər, araşdırmalar, sorğular və s.);

Nazirlik tərəfindən təhsil müəssisəsinin təqdim etdiyi sənədlər və məsələ ilə
bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin və Elm v Ali Təhsil üzrə Dövlət
Agentliyinin/ Peşə Təhsili üzrə Dövlət Agentliyinin (bundan sonra- Agentliklər)
rəy və təklifləri əsasında təsnifata yeni ixtisasın əlavə olunması barədə
vəsatətin bu Qaydaların 2-ci hissəsinə uyğunluğu 1 ay müddətində yoxlanılır.

Təsnifata yeni ixtisasın əlavə olunması barədə təhsil müəssisəsinin
vəsatətinin bu Qaydaların 2-ci hissəsinə uyğun olmadığı Nazirlik tərəfindən
müəyyən edildiyi halda, bu barədə təhsil müəssisəsinə səbəbi göstərilməklə
məlumat verilir.

Nazirlik tərəfindən təsnifata yeni ixtisasın əlavə olunması barədə təhsil
müəssisəsinin vəsatəti məqsədəuyğun hesab edildiyi halda, bununla bağlı
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununa uyğun olaraq müvafiq normativ hüquqi aktın layihəsi hazırlanır və
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir.

Təhsil müəssisəsi bu Qaydaların 3.10-cu bəndində göstərilən məlumatı aldıqdan
ən azı 3 ay sonra məlumatda qeyd olunan səbəbləri aradan qaldırılmaqla Nazirlik
qarşısında təkrar vəsatət qaldıra bilər.

Source link