Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı
narahatlıq – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Afrikanı və dünyanın fərqli regionlarını hələ də müstəmləkəsi kimi görən,
vaxtilə qətliamlar törədən, əli milyonlarla insanın qanına batan Fransa hazırda
xarici və daxili siyasətində ciddi problemlər yaşamaqdadır. Hakimiyyətin
yarıtmaz idarəçiliyinin nəticəsidir ki, indi bu dövlət keçmiş
müstəmləkələrindən biabırçı formada qovulur. Həmin bölgələrdə Parisə qarşı
etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar
günü-gündən artır.
Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı
keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa
müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər
gün daha da güclənir. Məsələn, son etiraz aksiyalarında Fransa kolonializminə
qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb. İştirakçılar
Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik
tələb ediblər. Aksiyada Azərbaycan bayrağı da daxil olmaqla BMT və Yeni
Kaledoniya bayraqları qaldırılıb.
Son vaxtlarda Yeni Kaledoniyada keçirilən bütün etiraz aksiyalarında
Azərbaycana minnətdarlıq əlaməti olaraq üçrəngli bayraq dalğalandırılır.
Aprelin ortalarında Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin
İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat
və rabitə komitəsinin sədri Omayra Naiselin bəyan edib ki, Azərbaycan
parlamenti ilə əməkdaşlıq Yeni Kaledoniya üçün “yol xəritəsi”dir. Onun
sözlərinə görə, iki ölkə parlamentləri arasında əməkdaşlıq memorandumunun
imzalanması Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq. Beləliklə,
son dörd ildə Azərbaycanın xarici siyasətində xüsusi bir xətt – müasir
müstəmləkəçilik əleyhinə hərəkat aparılır və bu da alqışalayiqdir.
Əminliklə deyə bilərik ki, Fransa müstəmləkəçiliyinə qarşı başlanan
etirazların artmasında Bakıda keçirilən beynəlxalq tədbirlərin böyük rolu olub.
Bunu artıq Fransa rəhbərliyində təmsil olunan şəxslər də etiraf edirlər. Bu
ölkənin daxili işlər naziri Jerald Darmanen bəyan edib ki, “Azərbaycan
Kaledoniya məsələsindən bizim ermənilərə dəstək verməyimizə cavab kimi istifadə
etməyə çalışır”. Erməni lobbisinin ciddi təsiri altında olan nazir növbəti dəfə
Azərbaycanı Qarabağdan könüllü çıxan erməni sakinlərə qarşı etnik təmizləmə
siyasəti aparmaqda günahlandırıb. Əlavə edib ki, baş verənlər onu “dərindən
sarsıdıb”.
Fransalı nazirin diqqətinə bir neçə məsələni çatdırmaq yerinə düşər. Əvvəla,
Fransanın keçmiş müstəmləkələrində keçirilən aksiyalarda konkret tələblər
qoyulur, müstəqilliyin vacibliyi irəli sürülür. Bəli, bu faktdır ki, bunun
səbəblərindən biri də Bakıda keçirilən çoxsaylı beynəlxalq konfrans, forumdur.
Azərbaycan onlar üçün sadəcə öz problemlərini qabartmaq üçün bir tribunadır.
Həmin tədbirlərdə keçmiş koloniyaları təmsil edən şəxslər bildirdilər ki, artıq
müstəqil olmaq istəyirlər, idarə edilmək istəmirlər. Ən əsası, məhz Bakıda
birgə fəaliyyət proqramı – Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupu yaradılıb.
Nəticə də ortadadır; Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən Yeni
Kaledoniyada fransızların neokolonializm siyasətinə qarşı etiraz aksiyaları
səngimir.
İkincisi, fransalı nazir yaxşı olar ki, Qarabağda hər hansı bir “etnik
təmizləmə” olduğunu iddia edəndə faktlara istinad etsin. Beynəlxalq
təşkilatlar, hətta Ermənistanın özü belə bununla bağlı bir fakt ortaya qoya
bilməyib. Məsələn, 2023-cü ilin sentyabrın 19-20-dən sonra bölgəyə səfər edən
BMT missiyası Qarabağı könüllü tərketmə zamanı bir erməninin belə zərər
çəkmədiyini bəyan edib. Belə olan halda fransalı nazirin heç bir fakt ortaya
qoymadan belə ittiham səsləndirməsi qərəzdən başqa bir şey deyil.
Üçüncüsü, daxili işlər naziri Azərbaycanın Kaledoniyaya dəstək verməsindən
narahatlığını ifadə edir. Bəs niyə keçmiş qondarma Dağlıq Qarabağ
Respublikasının Parisdə təmsilçiliyinin yaradılmasından danışmır? Fransada
Prezident Emmanuel Makron da daxil olmaqla hər vəchlə separatizmə nəinki dəstək
verməyə çalışır, hətta separatçılara açıq dəstək nümayiş etdirirlər. Halbuki,
bu ölkə 30 ilə yaxın Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlanması
məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olub.
Dördüncüsü, Fransanın növbəti qərəzi son günlər Azərbaycanla Ermənistan
arasında sərhədlərin delimitasiyası ilə bağlı yaşanan proseslərə reaksiya
verməməsidir. Keçmiş həmsədrlər – Rusiya və ABŞ-nin bu prosesi alqışadıqları
halda, Fransa hələ də susqunluq nümayiş etdirir. Bu azmış kimi, rəsmi Paris
Ermənistanda revanşist qüvvələrə dəstək nümayiş etdirir, onu silahlandırır.
Beləliklə, Fransa nekolonializminə qarşı başlanan beynəlxalq hərəkat
genişlənir. Reallıq da odur ki, bu hərəkat məhz Bakıdan başlayıb. Fransa
anlamalı idi ki, separatizmə, işğalçıya dəstək bumeranq effekti verə bilər.
Odur ki, bu ölkə öz maraqları üçün qeyri-konstruktiv mövqeyini davam etdirərək
gərginlik yaratmağa çalışsa da, məkrli planlar uğursuzluğa məhkum olacaq.
O ki qaldı Fransanın Yeni Kaledoniyadakı zülmünə, buna da gec-tez son
qoyulacaq. Əsas odur ki, məqsəd var. Nəyin bahasına olursa-olsun, Fransa
hökmranlığından qurtulmaq, sosial və siyasi müstəqillik əldə etmək hədəf
götürülüb. Özlərinin də ifadə etdiyi kimi, məqsədləri gənc və yaşlı nəsillərin
sosial məsələlər haqqında açıq danışa bildiyi xüsusi şəbəkə yaratmaqdır.
Bununla Yeni Kaledoniyada təhlükəsiz gələcəyə nail olunmasına çalışırlar.
Şübhəsiz ki, bu proses təkcə Yeni Kaledoniya ilə məhdudlaşmayacaq, digər
keçmiş fransız müstəmləkələri də bu azadlıq mücadiləsinə qoşulacaqlar.
“Report” İnformasiya Agentliyi