Yeni müdafiə sənayesi naziri kimdir? – DOSYE
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Vüqar Valeh oğlu
Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamına əsasən, Vüqar Valeh oğlu Mustafayev
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.
Cixisyolu.com yeni nazirin dosyesini təqdim edir:
Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə
bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət
İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment
ixtisasına daxil olub, 2008-ci ildə fərqlənmə ilə bitirib. 2010-2013-cü illərdə
Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə “Biznesin idarə edilməsi
(MBA)” magistr proqramı üzrə məzun olub.
Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006-2008-ci illərdə müxtəlif
şirkətlərdə təlim koordinatoru, eləcə də maliyyə və mühasibatlıq üzrə
mütəxəssis vəzifələrində fəaliyyət göstərib.
O, 2016-cı ildən etibarən beynəlxalq assosiasiya olan Daxili Auditorlar
İnstitutunun üzvü olmaqla yanaşı, “Certified İnternal Auditor (CİA)” –
Beynəlxalq Daxili Auditor kvalifikasiyasını əldə edib və 2020-ci ildən
beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisaslaşmış
kvalifikasiyaya sahibdir.
2009-2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti
“Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012-2014-cü
illərdə “Azerfon” MMC-də Daxili Audit Departamentinin Direktoru vəzifəsini icra
edib. 2014-cü ildən etibarən “PAŞA Holdinq” MMC və ona aid olan Şirkətlərdə
müxtəlif rəhbər vəzifələrində çalışıb.
2014-cü ildə “PAŞA Holdinq” MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin
olunub. 2014-cü ildən etibarən “PAŞA Sığorta” ASC və “PAŞA Həyat Sığorta”
ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021-ci ildə “PAŞA
Holdinq” MMC-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri, eyni zamanda mərkəzi
ofisi İstanbulda olan “PDT və Gayrımenkul A.Ş.” şirkətinin Müşahidə Şurasının
sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin
olunub.
Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində
hərbi xidmətdə olub.
Ailəlidir. İki övladı var.