Yeni pul nişanları ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA

Yeni pul nişanları ilə bağlı Mərkəzi Bankdan AÇIQLAMA

Baxış sayı: 2. 203 dəfə baxılıb.

 

Mərkəzi Bank ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulu zamanı yaranmış çətinliklərlə bağlı açıqlama yayıb.

ABM-dən verilən məlumatda bildirilir ki, son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Qeyd edilib ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.

Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib.

Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə Mərkəzi Bankda bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirilib və bu təşkilatlara müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.