428c35c5-4ab2-4070-bac2-cff7189e612f..jpg

Yeni siyasi və iqtisadi güc mərkəzi – “KASPİ”nin TƏHLİLİ + FOTO

Baxış sayı: 555 dəfə baxılıb.

Yeni siyasi və iqtisadi güc mərkəzi – “KASPİ”nin TƏHLİLİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ildə Azərbaycanla TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin
dəyəri təxminən doqquz milyard ABŞ dolları təşkil edib. Türkdilli ölkələr
arasında əsas ticarətimiz Türkiyə ilə olub.

Bu mövzu ilə bağlı “Kaspi”

qəzetinin məqaləsini təqdim edirik.

Azərbaycanın türkdilli ölkələrlə qarşılıqlı münasibətlərində yeni dönəm
başlayıb. Bundan sonra ölkəmizin xarici siyasət kursunun əsas istiqamətini
təşkil edəcək Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın
genişləndirilməsi, əlaqələrin daha da dərinləşdiriləcəyinin anonsunu Prezident
İlham Əliyevbir müddət əvvəl andiçmə mərasimində verib.

Şuşada Zirvə görüşü

“Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq,
ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam
etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin
ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas
beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur.
Bizim ailəmiz Türk dünyasıdır”, – deyə Prezident İlham Əliyev bildirib.

Artıq bu istiqamətdə konkret addımlar da atılmaqdadır. Azərbaycan TDT-nin
iyulda keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Özü də bu
görüş Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunacaq.

Doqquz milyard dollarlıq ticarət dövriyyəsi

Türkdilli ölkələr arasında siyasi, mədəni və digər istiqamətlərdə əlaqələri
daha da gücləndirən başlıca amil təbii ki, iqtisadi münasibətlərin
dərinləşdirilməsidir. İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Biznes
mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar”
mövzusunda konfransda çıxışı zamanı bildirib ki, 2023-cü ildə Azərbaycanla
TDT-yə üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri təxminən 9 milyard ABŞ
dolları təşkil edib. “Türkdilli ölkələr arasında əsas ticarətimiz Türkiyə ilə
olub”, – deyə o qeyd edib.

Ümumi qiymətləndirmələrə görə, ticarətin asanlaşdırılması üzrə Strategiya
sənədi TDT çərçivəsində ticarət əlaqələrinin inkişafına və biznes mühitinə
müsbət təsir göstərəcək. Sənədin icrası ilə bağlı tədbirlər planının
hazırlanması məqsədilə bir sıra istiqamətlər müəyyən edilib. Bunlar regional
ticarət sazişlərinin təşviqi, ticarətin asanlaşdırılması fəaliyyətinin
monitorinqi və qiymətləndirilməsi, ticarət əməliyyatlarının
rəqəmsallaşdırılmasıdır. “TDT çərçivəsində fəaliyyət, cari mühit və gələcək
çağırışlar ölkə üçün olduqca əhəmiyyətlidir”, – deyə nazir müavini bildirib.

TDT həm də yeni güc birliyidir

Ölkəmizin coğrafi mövqeyi, tranzit imkanları, nəqliyyat dəhlizlərinin
kəsişməsi qovşağında yerləşməsi Mərkəzi Asiyadakı türk dövlətləri üçün də geniş
imkanlar açır. Artıq Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının
genişləndirilməsi istiqamətində TDT üzvü olan və olmayan türkdilli dövlətlər
arasında ən ali səviyyədə çoxsaylı razılaşmalar və qarşılıqlı səfərlər həyata
keçirilir. Beynəlxalq səviyyədə artan təhdidlər və çağırışlar fonunda regional
təşkilatların əhəmiyyətinin artdığının şahidiyik. Bu çağırışlara qarşı
dayanıqlı olmaq regional əməkdaşlıq imkanlarının dərinləşdirilməsindən keçir.
TDT çərçivəsində üzv ölkələrin sahib olduqları resurslar, həmçinin dil, din,
soykökü yaxınlığı bu potensialın imkanlarını tam olaraq üzə çıxartmağa, ümumi
maraqların təmininə istiqamətlənməsinə şərait yaradır.

TDT həm də yeni güc birliyidir. Bu birliyin formalaşdırılmasında Türkiyə ilə
Azərbaycan müstəsna rola malikdir. Təşkilatın bir güc mərkəzinə çevrilməsinin
vacibliyi hər iki dövlət rəhbərinin çıxışlarında dəfələrlə səsləndirilib.
Dünyaya qardaşlığın nümunəsini göstərən Türkiyə ilə Azərbaycan arasında
münasibətlərin yüksək səviyyəsi, müttəfiq, strateji tərəfdaş statusu digər
türkdilli dövlətlərin də diqqətini cəlb edir.

Türkmənistan da tamhüquqlu üzv olmaq istəyir

Artıq təşkilatda müşahidəçi statusunda olan dövlətlər də tam hüquqlu üzv olmaq
istiqamətində addım atmaq niyyətlərini ifadə edirlər. “Türkmənistan bu il
TDT-nin tamhüquqlu üzvü ola bilər”, – bu barədə Türkmənistan Parlamenti Xalq
Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkiyənin Antalya şəhərində
təşkil olunan III Diplomatiya Forumu çərçivəsində bildirib. Onun sözlərinə
görə, bu qərar ola bilsin ki, Aşqabadda Maxtumkuli Fraqinin 300 illik
yubileyinə həsr olunmuş dövlət başçılarının Zirvə görüşündə açıqlansın.

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanmış anlaşma ilə
yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası TDT adı ilə fəaliyyətini
davam etdirir. Təşkilatın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan
və Özbəkistandır. Müşahidəçi statusunda dövlətlər isə Türkmənistan, Macarıstan
və Şimali Kiprdir.

Source link