Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iyunun 5-də keçirilən iclasında 15 rayonun 25 ərazi vahidinin adının dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Millət vəkili Tahir Rzayev dəyişikliklərdə təklif olunan bəzi adlara etirazını bildirib:
“Məsələn, burada bir kəndin adı “Qamışoba” adlandırılır. Bu, nə deməkdir? Bu ad haradan götürülüb? Və yaxud, “Kəhrizli”ni götürək. Axı, bu adda Azərbaycanda bir neçə kənd var, indi təzə “Kəhrizli”yə nə ehtiyac var? Yaxşı olmazdımı ki, yeni adlar həmin elin-obanın keçmişinə, tarixinə, təbii sərvətlərinə uyğunlaşdırılsın, yaxud da, Milli Qəhrəmanlardan birinin adı ilə adlandırılsın?! Daha sonra “Şorabad”ı götürək. “Şorabad”ı bizə başa salsınlar ki, nə deməkdir?”
İsa Həbbibəyli isə cavabında bunları deyib:
“Qamışoba”nın adı “Kamışovka”dır. Biz də belə məsləhət bildik ki, “Qamışoba” olsun, əslində isə “Qamışlı” kimi nəzərdə tuturduq, amma sonda bu varianta üstünlük verdik. Yaxud da, “Şorabad”ı götürək. Sovetlər dövründə “o” hərfi “a” hərfi ilə dəyişdirilərək, yəni, Şura hökumətinin şərəfinə “Şurabad” adlandırılıb. Amma kənd tarixən “Şorabad” adlandırılıb, yerli insanlar hər zaman “Şorabad” deyiblər. Yəni, bizi adların gözəlliyi deyil, mahiyyəti maraqlandırır”.
Kamil HƏMZƏOĞLU