Yeni trendi Azərbaycana gətirən rəssam: “Çəkdiyim şəklə görə məni polisə
verdilər” – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Sosial şəbəkələrdə insanların portretini onlardan xəbərsiz çəkən rəssam
videoları ilə tez-tez rastlaşırıq. Trendə düşən bu görüntülərin içində
diqqətçəkən, izləyicilərin daha çox reaksiyasına səbəb olan bir neçə video var.
Azərbaycanda bu cür görüntülərlə məşhurlaşan rəssamlardan biri isə Tahir
Zahirovdur. O, gündəmə Vətən müharibəsi qazisinin rəsmini çəkdikdən sonra düşə
bilmişdi.
Biz də çoxunun sevimlisinə çevrilmiş Tahiri tapıb onunla söhbətləşdik.
Müsahibimiz həm də zəhmətkeş insanların rəsmlərini çəkib onlara təqdim etdiyi
zaman maraqlı reaksiyaları görüntülədiyinə görə rəğbət qazanıb.
T.Zahirov “Qafqazinfo”ya müsahibəsində bu videoları çəkmək fikrinin haradan
yaranmasından, sosial şəbəkələrdə gələn reaksiyalardan və elə rəsmini çəkdiyi
qazidən danışıb:
“Atam rəssamdır, eyni zamanda heykəltaraş. İlk dəfə 10 il öncə rəsm çəkməyə
başladım. Atam sayəsində bu sənətə marağım daha da artıb. İlk təhsilimi Qubada
Uşaq və İncəsənət Məktəbində almışam. Sonra isə Azərbaycan Dövlət Pedaqoji
Universitetində təsviri-incəsənət müəllimliyini oxumuşam”.
İlk dəfə bu videoları xaricdə gördüyünü deyən rəssam Azərbaycanda bu trendi
özü başlatmaq qərarına gəlib: “İlk dəfə metronun yanında yaşlı qadın gördüm,
çox yorğun görünürdü. Onun yorğunluğunu təsvir etmək istədim. Özünə təqdim
etdikdə çox sevindi, bu hərəkətim xoş gəldi. Elə mənə də onun reaksiyası yaxşı
təsir bağışladı”.
Fəaliyyətinə görə aldığı xoş reaksiyalardan daha çox həvəslənən T.Zahirov
Vətən müharibəsi qazisini çəkdiyi zaman keçirdiyi hissləri bu cür ifadə edib:
“Parkda bir qardaşımızın fikirli oturduğunu gördüm. O, İkinci Qarabağ
müharibəsində döyüşlərdə yaralanıb. Başladım rəsmini çəkməyə. Nəticəni ona
göstərdikdə kövrəldi. Həmin videonu paylaşdım, maraqla qarşılandı. Qazimizin
sevinməyi mənə o qədər xoş təsir etdi ki…”.
Rəssamın heç yadından çıxarmadığı hal isə avtovağzalda rəsmini çəkdiyi adamın
reaksiyası olub: “Həmin dayı bu hərəkətimə çox kövrəldi. O, kimsəsiz idi. Xeyli
söhbətimiz oldu. Çəkdiyim rəsmə baxıb kövrəlməsi, sevinci, göz yaşları mənə çox
təsir etdi. Bu işlərimi ailəm də xoş qarşılayır”.
İnsanların sevincinə səbəb olan T.Zahirov deyir ki, o, heç də həmişə xoş
cavablarla qarşılaşmır: “Elə olur ki, bu hərəkətimə mənfi reaksiyalar alıram.
Birinin rəsmini çəkib, özünə göstərdikdə sərt cavab verən də olur. Deyirlər ki,
niyə mənim rəsmimi çəkirsən?”
O, rəsmləri minimum 8-9 dəqiqəyə çəkdiyini qeyd edib: “Metroda çəkdiyim
şəkillər maksimum 13 dəqiqə vaxt alır. Bir insan qarşımda əyləşibsə, əlbəttə
ki, yerində dayanmır. Lakin onu görəndə portreti artıq beynimə həkk olur. Elə
olur ki, rəsm yarımçıq qalır. Çatdırıb göstərə bilmirəm. Bu hallar dəfələrlə
olub”.
Yaşadığı unudulmaz situasiyaları bizimlə bölüşən rəssam deyir ki, insanların
reaksiyalarını bilmək olmur: “Hər kəsin fərqli baxış mövqeyi var. Bir dəfə
çəkdiyim rəsmə görə məni polisə şikayət etdilər. İnanın ki, həmin anlar hələ də
yadımdan çıxmır”.
Tanınmış insanlardan müsbət rəylər alan T.Zahirov bu sahədə necə gəlir əldə
etdiyini də açıqlayıb: “Rəsm müəllimi kimi fəaliyyət göstərirəm. Tələbələrim
var. Bununla yanaşı, sifariş əsasında rəsmlər çəkirəm. Düşünürəm ki, gələcəkdə
bununla bağlı daha fərqli formatlarda videolar çəkəcəyəm. Rəsm mənə görə hər
şeydir. Gündə bir dəfə də olsa, çəkməliyəm. Əks halda, elə bilirəm ki, nəsə
itirmişəm”.