Yenidən qurulan Füzuli şəhərində səs verəcək seçicilərin sayı AÇIQLANDI – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin
edilib. Həmin sakinlərdən səsvermə hüququ olan 1292 nəfər doğma yurdunda ilk
dəfə səs verəcək.
AZƏRTAC xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident
seçkisində səsvermə prosesi işğaldan azad olunan Füzuli şəhərində üç məntəqədə
baş tutacaq.
84 saylı Füzuli seçki dairəsi dairə seçki komissiyasının sədri Ramiz
Teymurovun verdiyi məlumata görə, dairədə, ümumilikdə, 77 seçki məntəqəsi üzrə
54457 seçici qeydə alınıb.
Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75, 76 və 77 saylı
seçki məntəqələrində səs verəcək. 77 saylı seçki məntəqəsində qeydə alınan 1292
nəfər Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkünlərdir. 75 saylı seçki
məntəqəsində səs verəcək 1351 nəfər, 76 saylı seçki məntəqəsində isə 976 nəfər
işğaldan azad olunan ərazilərdə çalışanlardır.
Dairə üzrə seçki prosesini izləyəcək 1020 müşahidəçi qeydə alınıb ki, bu
müşahidəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak
edəcək.
Səsvermədə iştirak edəcək sakinlərdən biri də Elmir İsmayılovdur. O, fevralın
7-də keçiriləcək növbədənkənar prezident seçkisində həvəslə səs verəcəyini
bildirib: “Biz Füzuli sakinləri hər bir azərbaycanlı kimi bir çox tarixi
hadisələrə şahidlik etdik. Qüdrətli Ordumuzun gücü sayəsində Qələbə sevincini
yaşadıq. Doğma şəhərimiz qısa müddətdə dövlətimiz tərəfindən yenidən quruldu və
bizlər də qalib ölkənin qalib vətəndaşı olaraq doğma yurdumuza qayıtdıq. Daha
bir tarixi günə öz elimizdə şahid olacağıq”.
Vaqif Xanlarov da Füzuli şəhərinə qayıdan sakinlərdəndir. O, Birinci Qarabağ
müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Bildirib ki, bu
torpaqların hər qarışı uğrunda qəhrəman oğullarımızın qanı axıb, ona görə
burada yaşamaq, tikib-qurmaq qürurvericidir. “Özümü dünyanın ən xoşbəxt adamı
hiss edirəm, çünki Füzulidə ilk dəfə səsvermədə iştirak edənlərdən biri də
mənəm. Bir vaxtlar uğrunda döyüşdüyümüz torpaqlarda indi daha bir tarixi günə
hazırlaşırıq. Biz 30 il bu dağların, dərələrin, doğma yurdumuzun hər qarışına
həsrət qaldıq. Amma indi artıq qalib xalq olaraq öz elimizə qayıtmışıq. Yenidən
qurulan Füzuli şəhərində bizim üçün hər bir şərait yaradılıb. Bir çox bayramı
Füzulidə sevinc və qürur hissi ilə qarşıladıq. İndi də qarşıdan prezident
seçkisi gəlir. Bu seçkidə böyük həvələ iştirak edəcəyəm”, – deyə o əlavə edib.