Yerevanın keçmiş meri Yervand Zaxaryana qarşı cinayət işi açılıb

Baxış sayı: 2. 027 dəfə baxılıb.

Yerevanın keçmiş meri Yervand Zaxaryana qarşı cinayət işi açılıb

Yerevanın keçmiş meri Yervand Zaxaryana qarşı cinayət işi açılıb. 

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidmətindən bildirilib.

“Yerevanın sabiq merinin qanunsuz qərarına görə, Qələbə parkının 10 min kvadrat metrlik torpaq sahəsi mənimsənilib”, – deyə məlumatda qeyd olunur.

Belə ki, şəhər merinin 12 mart 2008-ci il tarixli qərarına əsasən, Yerevanın Azatutün prospektində yerləşən, Yerevan baş planına uyğun olaraq ictimai təyinatlı yaşıl zonaya daxil edilən 10 min kvadrat metrlik torpaq ərazisi Qələbə parkı ərazisindən əsassız və qanunsuz şəkildə ayrılıb. 

 

Qərar Qələbə parkının ərazisinin dəqiqləşdirilməsi bəhanəsilə qəbul olunub. Yeni dərc edilmiş ümumi planda isə bu ərazi yaşıl zonanın bir hissəsi kimi qeyd olunmayıb.

Merin 8 aprel 2008-ci il tarixli digər qərarıyla həmin torpaq sahəsi qanunsuz olaraq satılıb və 164.760.000 drama “Golden Palace Mehmanxanası” şirkətinə verilib. Yəni 1 kvadrat metrə cəmi 16.476 dram (30 dollardan bir az çox) düşüb.

29 may 2015-ci ildə şirkət həmin ərazini Ermənistan banklarının birinə girov qoyaraq 2.800.000 dollar kredit götürüb. Kredit müqaviləsinə daxil edilmiş dəyişikliklər nəticəsində bu məbləğ tədricən 70 dəfə artaraq 12 milyard dramadək qalxıb.

Yuxarıdakı faktlarla əlaqədar Ermənistanın Cinayət məcəlləsinin 308-ci maddəsinin (vəzifə səlahiyyətlərindən sui-istifadə) 1-ci hissəsinə uyğun olaraq, cinayət işi başlanılıb.

İstintaq davam edir.

Xatırladaq ki, Yervand Zaxaryan 2003-2009-cu illərdə Ermənistan paytaxtının meri vəzifəsini tutub.