3a5eef7d-1b3f-4d79-bf99-ca5e2f8d1eba..jpg

Yerli bazarı ələ keçirən əcnəbi qəhrəmanlar: “Hər şeyi istedadın axarına buraxmaq lazım deyil” – FOTO

Baxış sayı: 625 dəfə baxılıb.

Yerli bazarı ələ keçirən əcnəbi qəhrəmanlar: “Hər şeyi istedadın axarına
buraxmaq lazım deyil” – FOTO

“Ölkəmizdə kitab bazarı tam formalaşmayıb, kitab mağazaları çox məhdud
saydadır. Yazıçı-nəşriyyat münasibətləri düzgün şəkildə tənzimlənmir”.

Bunu Cixisyolu.com-a açıqlamasında yazıçı Varis Yolçuyev yerli uşaq ədəbiyyatı
nümunələrinin azalması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, dünyada ədəbiyyata maraq azalıb:

“Əvvəla, ondan başlayaq ki, dünyada ümumən ədəbiyyata maraq nisbətən azalıb.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı, mobil telefonun və
internetin günümüzə basqısı marağın azalmasını şərtləndirir. Bununla yanaşı,
ölkəmizdə kitab bazarı tam formalaşmayıb, kitab mağazaları çox məhdud saydadır,
yazıçı-nəşriyyat münasibətləri düzgün şəkildə tənzimlənmir. Yerli ədiblər
kitabların nəşriyyat və çap xərclərinin bahalığı, çətin satılması səbəbindən
kitab yazmaq riskindən qaçırlar”.

V.Yolçuyev qeyd edib ki, xarici cizgi filmləri, uşaq serialları günümüzə elə
dərindən daxil olub ki, uşaqlarda əcnəbi qəhrəmanlara meyillilik kultu yaranıb:

“Daha gözəl poliqrafiyalı türkdilli, rusdilli və ingilisdilli uşaq
kitablarının müvəffəqiyyətli satışı da yerli müəlliflərin kitablarının ayaq
açmasına bir əngəldir. Və ən nəhayət, ölkədə uşaq yazıçılarının sayı həddindən
artıq azdır”.

Filoloq Nərgiz Cabbarlı son 10-15 ildə uşaq ədəbiyyatında boşluqlar
yarandığını deyib:

“Bədii və ideoloji cəhətdən zəif əsərlər yazılıb. Bu boşluqları doldurmaq üçün
səy göstərməliyik. Müstəqillik dövründən bəri uşaq ədəbiyyatında zəifləmələr
hiss olunur. Uşaq ədəbiyyatı ilə bağlı sovet dövründə siyasət aparılırdı. Həmin
vaxt uşaq ədəbiyyatı Azərbaycanda kifayət qədər güclü olub. Lakin sonradan,
müstəqillik illərində uşaq ədəbiyyatı zəiflədi.

Həmin mərhələni çox təəssüflə qeyd edirəm. O zaman uşaq ədəbiyyatından naşı
insanlar istifadə edərək imzalarını tanıtmağa çalışdılar. Bir müsbət tərəfi
oldu ki, uşaqlar üçün nəsə etməyə çalışdıqları göründü. Ancaq bədii və ideoloji
cəhətdən zəif əsərlərin yaranması heç də xoş olmadı. Ədəbiyyat istedad
məsələsidir. Əgər istedad yoxdursa, mətn də olmayacaq”.

Filoloq qeyd edib ki, uşaq ədəbiyyatında daha çox tərbiyələndirmə faktoruna
toxunmaq lazımdır:

“Uşaq ədəbiyyatını psixoloji, əqli inkişafa yönləndirməyə ehtiyac var.
Başdansovdu yanaşmanı aradan götürməliyik. İstedadlara istiqamət vermək
lazımdır. Bu sahədə müəyyən işlərin aparıldığını müşahidə edirəm. Bu məni
sevindirir. Zəiflik göz önündədir. Bunu açıq şəkildə görürük. İrəliyə doğru
müəyyən addımlar atmalıyıq. Boşluqlar aradan qaldırılmalıdır.

Son zamanlar bir çox nəşriyyatların fəaliyyəti məni sevindirir. Bu məsələyə
artıq bir qədər ümidlə yanaşa bilirəm. Yavaş-yavaş uşaq ədəbiyyatında müəyyən
imzalar görünməkdədir”.

N.Cabbarlı əlavə edib ki, yönləndirmə, təşkilat missiyasını yerinə yetirən
nəşriyyatlar olmalıdır:

“Hər şeyi istedadın axarına buraxmaq lazım deyil. Sistemli yanaşma və
istiqamət olmadıqda boşluqlar yaranır. İndi bizdə nəşriyyatlar çoxdur. Onlar da
bu sahədə müəyyən işlər görürlər. Kitab təkcə görüntü deyil, məzmun və mətn
keyfiyyəti ilə bağlı məsələdir. İşə peşəkarlar cəlb olunmalıdırlar. Yavaş-yavaş
da olsa, bu sahədə başlayan işlər öz nəticəsini verəcək”.

Nərgiz Cabbarlı sonda qeyd edib ki, yeni imzalar arasından Günel Eminli, Nigar
Mahmud, İbrahim Kərimov kimi şəxslərin işlərini qiymətləndirir.

Qeyd edək ki, Azərbaycanda uşaq yazarlarının sayının altı-yeddi nəfər olduğu
bildirilir. Bu rəqəm ölkədə uşaq ədəbiyyatının hansı səviyyədə olduğunu
göstərir. Məlumatlara görə, aşağı yaş qrupu uşaqlar üçün əsərlər də az yazılır.
Bir başqa problem isə müstəqil uşaq televiziya kanallarının olmamasıdır.

Nəzrin Vahid

Source link