Yevlaxda direktor müəllimlərin 53 min manatdan çox əməkhaqqını mənimsəyib –
CİNAYƏT İŞİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Təhsil müəssisəsində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə
göndərilib
Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib.
Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla
bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla 04.03.2019-cu il tarixindən 10.11.2022-ci il tarixinədək olan
dövrdə qeyd edilən məktəbin direktoru işləmiş Rəşad Əsədovun davamiyyəti
olmayan işçilərə və tədris olunmadığı halda dərnək dərslərinə görə müəllimlərə
əməkhaqqı ödənilməsi, evdə fərdi təhsilə cəlb edilmiş sağlamlıq imkanları
məhdud şagirdlərə tədris olunan dərs saatlarına görə müəllimlərə hesablanmış
əməkhaqqının öz əməkhaqqı kartına köçürülməsi və digər yollarla ümumilikdə 53
min manatdan artıq dövlət vəsaitini mənimsəməsinə, həmçinin rüşvət müqabilində
məktəbdə təhsil alan şagirdin adına olan ümumi orta təhsil haqqında attestata
başqa şəxsə aid məlumatları daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Rəşad Əsədova Cinayət Məcəlləsinin 179.3.2
(külli miqdarda mənimsəmə), 308.1, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə), 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz
hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə
ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.