04480942-abb1-4ab7-8e43-76bcc6a19fe8..jpg

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 769 dəfə baxılıb.

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa
çatıb – YENİLƏNİB + FOTO/VİDEO

Sentyabrın 29-da Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan
erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və
bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə
olunub.

Mülki şəxslərin sərbəst hərəkətinin təmin edilməsi, humanitar yardımların
göndərilməsi, yanacaq, qida ehtiyaclarının qarşılanması yüksək
qiymətləndirilib. Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin
nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı
Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə
yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün
zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım
avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər.
Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin,
televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər.

Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin
Məmmədov reinteqrasiya prosesi ilə bağlı prosedurlar və sosial xidmətlər zərfi
haqqında məlumat verib. Bildirib ki, təsərrüfat, kommunal və digər bu kimi
məsələlərin yerində həll edilməsi məqsədilə Qarabağ bölgəsində sosial,
humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun
üzvlərinin oktyabrın 2-də Xankəndi şəhərinə səfəri nəzərdə tutulub.

16:26

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax
şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə
növbəti görüşü başa çatıb.

15:17

Bu gün Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin
nümayəndələri ilə növbəti görüş keçirilir.

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ
bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş
Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş
ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı
İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil
edirlər.

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə
reinteqrasiyası məsələləri müzakirə olunur.

Xatırladaq ki, bu, lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağın
erməni sakinlərinin nümayəndələri və Azərbaycan mərkəzi hakimiyyətinin
təmsilçiləri arasında üçüncü görüşdür. Bundan əvvəl ilk dialoq Yevlaxda,
ikincisi isə Xocalıda baş tutub.


Source link