Yevlaxda “TikTok”er Əhmədi qətlə yetirən Salehin yaxınları DANIŞDI – YENİLƏNİB
+ VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Yevlaxda öldürülən şəxs 5-ci sinif şagirdinə hədiyyələr verib, daha sonra onu
hədələyirmiş”.
Bu fikirləri “Unikal”a 32 yaşlı Əhməd Nəsibovun qətli ilə bağlı hadisəni
törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Saleh Əliyevin bacısı Gülnar
Məmmədova deyib.
O bildirib ki, hər şey Əhməd Nəsibovun uşağa papaq hədiyyə etməsindən sonra
başlayıb. Uşağın nənəsi həmin şəxsin yaşadığı ünvana gedərək Əhməd və anası ilə
görüşüb, onların nəvəsindən uzaq durmalarını tələb edib.
Buna baxmayaraq, Əhməd Nəsibov yenidən uşağın qarşısını kəsərək ona çips verib
və kəmər də hədiyyə edəcəyini deyib. Ailə Əhməd Nəsibovdan polisə şikayət edib.
Bu dəfə Əhməd yenidən uşağın qarşısını kəsərək ona pul verib, ardınca boğazına
bıçaq dirəyərək, bu barədə evdə heç kimə məlumat verməməsini deyib və onu
hədələyib.
Uşağın atası Əhmədlə görüşüb və bu hərəkətlərinə son qoymasını tələb edib.
Uşağın dayısı Saleh Əliyev isə hadisədən xəbər tutan kimi Əhməd Nəsibovu
taparaq onu odlu silahla qətlə yetirib.
Qeyd edək ki, Saleh Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyinin əməkdaşıdır.
11:22
Yevlax şəhərindəki parkda 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun başından
güllələnərək öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, ilkin araşdırmalar zamanı “TikTok”da videoları
ilə tanınan Əhmədin sosial şəbəkədəki fəaliyyətinə görə öldürülməsi üzə çıxıb.
Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini
1989-cu il təvəllüdlü Saleh Azər oğlu Əliyev Ə.Nəsibovun azyaşlılarla bağlı
qeyri-etik hərəkətlər etdiyini iddia edib.
O, ilkin ifadəsində 32 yaşlı şəxsi bu səbəbdən parkda “Makarov” markalı
tapança ilə güllələdiyini bildirib.
Hadisənin görüntüləri ərazidə olan şəxs tərəfindən lentə alınıb.
Fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən
adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə)
maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində
tutulub.
İbtidai istintaq davam etdirilir.