Şəkidə yeznəsini öldürməkdə ittiham olunan 36 yaşlı Cavid İsayevin
məhkəmə araşdırması yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən
iclasda yekun qərar elan edilib.
Məlumat üçün deyək ki, hadisə ötən ilin oktyabrında Aşağı Küngüt kəndində baş
verib.
İstintaqla müəyyən edilib ki, Cavid 41 yaşlı yeznəsi Asif Həşimovu bacısını
(eyni zamanda mərhumun arvadı) təhqir etdiyinə görə qətlə yetirib. Onların bu
məsələ ilə bağlı mübahisəsi kənd kənarındakı boş ərazidə davam edib. Həmin vaxt
Asif yenə də onun və bacısının ünvanına nalayiq sözlər işlədib. Hisslərini
cilovlaya bilməyən Cavid yeznəsinə bir neçə bıçaq zərbəsi endirərək hadisə
yerində ölümünə səbəb olub. O, hadisədən sonra könüllü olaraq polisə təslim
olub.
Təqsirləndirilən şəxs istintaq dövründə müstəntiqə ifadəsində deyib ki,
müharibədən qayıtdıqdan sonra onda psixi problemlər yaranıb. Dərmanlarını
vaxtında qəbul etmədikdə isə vəziyyəti daha da kəskinləşir. Dediyinə görə,
həmin gün də gərgin vəziyyətdə olub. Onun psixi xəstəlikdən əziyyət çəkməsi
ekspertlər tərəfindən də təsdiq edilib. Həkim rəyində yazıb ki,
təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törədib.
Xaliq Məmmədovun sədrlik etdiyi məhkəmə tərkibi işi araşdırdıqdan sonra həkim
rəylərini və istintaq orqanının qərarını əsaslı hesab edib. Qərara əsasən,
Cavid İsayev yeznəsini anlaqsız vəziyyətdə öldürdüyündən cinayət
məsuliyyətindən və cəzadan azad edilib. O, Respublika Psixiatriya
Xəstəxanasında məcburi müalicəyə cəlb edilib.
Xatırladaq ki, ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədov
barəsində də bir neçə gün əvvəl eyni qərar çıxarılmışdı.