Yığmamız Avropada ikinci oldu – VİDEO

Yığmamız Avropada ikinci oldu – VİDEO

Baxış sayı: 2. 631 dəfə baxılıb.

Rusiyanın (Dağıstan Respublikasının) Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatı başa çatıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, sərbəst güləş yarışlarının son günündə üç medal qazanmışıq.

Bunlar iki gümüş və bir bürünc medaldır.

61 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mircəlal Həsənzadə bürünc medal görüşündə rumıniyalı İvan Quydyaya 2:5 hesabı ilə uduzub.

Osetin legionerimiz Aleksandr Qostiyev (86 kq) Rusiya idmançısı Artur Nayfonovla bacarmayıb. Daha doğrusu, görüş 1:1 hesabı ilə başa çatıb. Lakin son xalı meydan sahibi güləşçisi əldə etdiyindən qızıl medal da ona verilib. Qostiyev isə ardıcıl üçüncü dəfə Avropa çempionatının finalında uduzmağı ilə yadda qalıb.

Olimpiya və dünya çempionumuz Şərif Şərifova (92 kq) da Avropa çempionu olmaq qismət olmayıb. Onun qarşısını finalda Rusiya idmançısı Əbdülrəşid Sadullayev kəsib. Hər iki Dağıstan avarının görüşündə 2:1 hesabı qeydə alınıb.

Bu gün həlledici görüşdə döşəkdən qalib ayrılan yeganə idmançımız isə ən ağır çəkidə yarışan Camaləddin Məhəmmədov (125 kq) olub. Avar legionerimizin rəqibi Rusiya idmançısı olub. O, Muradin Kuşkova 3:0 hesabı ilə qalib gələrək bürünc medala yiyələnib.

Bununla da sərbəst güləşçilərimiz səkkiz medal (iki qızıl, iki gümüş və dörd bürünc) qazanıb. Bu nəticə ilə sərbəst güləşçilərimiz Rusiyadan sonra II yerə layiq görülüb.

Xatırladaq ki, yunan-Roma güləşçilərimiz də qazandıqları beş medalla (bir qızıl, iki gümüş və iki bürünc) III yerə çıxmışdı. Qadın güləşçilərimiz isə beş medalla (bir qızıl, bir gümüş və üç bürünc) IV olmuşdu.

Beləliklə, ümumilikdə güləş millilərimiz qitə birinciliyində 18 medal qazanıb.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com