7e625e36-f5e8-4485-b757-57ca5ad811f9..jpg

Yolumuz beton, yoxsa asfalt olsun? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 608 dəfə baxılıb.

Yolumuz beton, yoxsa asfalt olsun? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təxminən üç il öncə 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan
Azərbaycan bu gün həmin azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa
işləri aparır. Bu baxımdan nəinki ölkənin, hətta dünyanın gözü azad
torpaqlarımızdadır, desək, yanılmarıq.

Məhz son üç ildə bu regionun dirçəlişi üçün təxminən yeddi milyard manatdan
çox vəsait xərclənib ki, onun da böyük bir qismi yol infrastrukturunun
qurulmasına ayrılıb. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş
ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin
Hüseynov çıxışlarında bu faktı təsdiq edərək bildirib ki, hazırda azad edilmiş
ərazilərimizdə təxmini uzunluğu 513 km olan 10-dan artıq yol layihəsi icra
edilir.

Belə bir məqamda həm azad edilmiş ərazilərdə, həm də ölkənin digər
regionlarında həyata keçirilən yol layihələrinin səmərəli və davamlı olması
üçün müxtəlif addımların atılmasına gərək var. Hesab edirəm ki, bu addımlardan
biri də daha müasir, keyfiyyətli, uzunömürlü və xərcləri az olan məhsullardan
istifadə edilməsidir.

Bəzi iddialara görə, bütün bu tələblərə beton yollar cavab verir. Belə ki,
bəzi beynəlxalq araşdırmalar da beton yolların asfalt yola nisbətən daha
dayanıqlı olduğunu sübut edir. Təəssüf ki, ölkəmizin beton yollarla bağlı
uğursuz təcrübəsi var. Amma başqa ölkələrdə tamamilə başqa praktika mövcuddur.
Bu tipli yolların salınması ilə bağlı ABŞ təcrübəsi 100, Avropa təcrübəsi isə
75 ilə çatır. Həmin ölkələrdə bir beton yolun istismar müddəti ortalama olaraq
30-40 il arasında müəyyən edilib ki, bu göstərici asfalt yolda 6-12 il
civarında olur. Hazırda ABŞ-də 125 ildir istifadə edilən beton yollara rast
gəlmək mümkündür.

Sual yarana bilər ki, niyə ölkəmizdə beton yollar daha çox olmalıdır? Əslində
yuxarıda çəkilən misal bu suala veriləcək cavablardan biridir. İkinci bir
məsələ ondan ibarətdir ki, beton yol üçün lazım olan bütün xammalı yerli
resurslardan təmin etmək olar. Bu gün ölkədə bir neçə iri sement istehsalçısı
var ki, onların real və potensial istehsal gücü üzrə göstəriciləri işlərin
sürətli və davamlı həyata keçirilməsinə inanmağa əsas verir.

Yasin Mustafayev

Nəqliyyat və infrastruktur məsələləri üzrə ekspert Yasin Mustafayev də hesab
edir ki, Azərbaycanda beton yolların salınması infrastruktur layihələrini daha
sürətli icra etməyə imkan verəcək. Onu da əlavə edək ki, Y. Mustafayev yol
inşaatı sahəsində 10 ildən çox təcrübəyə malikdir. Hazırda isə həm azad edilmiş
ərazilərdə, həm də ölkənin bir sıra yerlərində yol sahəsində geodeziya və
konsaltinq xidmətləri göstərir.

“Azərbaycan neft ölkəsi olduğu üçün bitum tərkibli asfalt yolların çox olması
daha təbiidir. Amma eyni zamanda betondan da yol tikmək Azərbaycan üçün
sərfəlidir. Çünki ölkəmizdə üç böyük sement istehsalçısı var və onların da
potensialından istifadə etmək mümkündür. İndiyə qədər Azərbaycan tarixində bir
neçə beton yol çəkilib. Çəkilən beton yollar müvəqqəti, daimi və konstruksiyası
fərqli olanlara bölünür. Asfalt və beton yolun fərqinə gəlincə isə deyə bilərəm
ki, bütün norma və qaydalara uyğun beton yol çəkmək daha sürətli və sərfəlidir.
Bir sözlə, beton yol daha sürətli və ucuz başa gəlir.

Yolların ömürlərinə gəldikdə isə hər iki yol standartlara uyğun çəkilsə, beton
yol 50, asfalt yol isə 10 il müddətində istismara yararlı olur. 10 illik müddət
bitdikdən sonra isə mütləq asfalt yolun üst qatı yenilənməlidir.

Digər müqayisəli məqam ondan ibarətdir ki, asfalt yol beton yola nisbətən daha
təhlükəlidir. Belə ki, sutkanın qaranlıq vaxtı və yağışlı havada bitum tərkibli
bu yollar daha da qaralır. Nəticədə isə avtomobillərin işıq şüaları udulur və
hərəkət təhlükəli həddə gəlir. Beton yollar isə əksinə, işığı əks etdirən
effekt verir. Nəticədə yollar daha da işıqlı olur.

Digər əhəmiyyətli məsələ yanacaq sərfiyyatı və büdcəyə qənaətlə bağlıdır.
Praktika göstərir ki, beton yollar daha sərt olduğu üçün bu da yanacaq
istifadəsini azaldır”, – ekspert bildirib.

“Report” İnformasiya Agentliyi

Source link