Bugünkü müsahibimiz Üzeyir Mehdizadənin rekordunu əlindən alaraq “Youtube”da ən çox izlənən azərbaycanlı ünvanına sahib olan Əli Türkoğludur.
İllər öncə “Özünü tanıt”, “Azərbaycanın səsi – Bala” kimi telemüsabiqələrdə boy göstərən Əli “Youtube” dünya trendinə girən ilk azərbaycanlı, Türkiyədə musiqi platformalarında ən çox satılan mahnının ifaçısıdır.
Əlinin ÇıxışYolu.Com-a müsahibəsini təqdim edirik:
– Sizi tanımayanlar üçün özünüzü qısa olaraq xarakterizə edin.
– Mən – Əli Bayramov. 17 yaşım var. Azərbaycan türküyəm. Uşaqlıqdan musiqiyə həvəsim var. Ancaq, əvvəllər futbolçu olmuşam.
– Futboldan musiqiyə keçid necə oldu?
– Bronxial astma xəstəliyim var deyə, həkimlər icazə vermədi. Ona görə də futbolu davam etdirə bilmədim. Özümə gitara aldım ki, öyrənim. Beş ildir gitarada ifa edirəm. Öz üzərimdə işlədim, səsimi inkişaf etdirdim. Pianoda ifa etməyi də öyrəndim. 11-ci sinfi bitirəndən sonra İncəsənət Universitetində “Estrada sənəti” fakültəsinə qəbul olundum.
– Futbolla neçə il məşğul olmusunuz?
– Futbolla doqquz yaşından etibarən, beş il məşğul olmuşam.
– Astma xəstəliyi hazırda sizdə problem yaradır?
– Yox, hələlik heç bir problem yoxdur.
– Musiqiyə maraq haradan yarandı?
– Anam pianoçudur, atam isə müğənnidir. İstedad mənə onlardan keçib. Ən böyük dəstəkçilərim də onlardır.
– Sosial mediada videolar paylaşmağa necə qərar verdiniz?
– Universitetdən əvvəl həvəs yaranmışdı ki, videolar çəkib paylaşım. Maraqlı idi ki, görəsən, insanların mənə olan rəyləri, fikirləri necədir? Çəkdim, bəyənildi. Yavaş-yavaş gördüm ki, izləyici də yığıram.
Hansı mahnı xoşuma gəlirdisə, oxuyub paylaşırdım. Heç özüm fikir vermirdim ki, hansı mahnı ilə “tutuzdurmuşam”. Türk səhifələri məni paylaşmağa başladı, oradan izləyicilər yığmağa, tanınmağa başladım.
– Türkiyədən təklif necə oldu?
– Əvvəlki menecerim – Cem Başaran məni tapdı. Azərbaycandan mənə yazdı. Əvvəlcə atamın bu yaşda Türkiyəyə getməyimə icazə verəcəyini düşünmürdüm. Başa saldım, prosedurlar barədə məlumat verdim. Atamın nömrəsini verdim, danışdılar. Ondan sonra biletimizi aldılar, dedilər, müqavilə imzalamaq üçün Türkiyəyə gəlin. Getdik, hər şeyi aydınlaşdırdıq.
– Atanızla getdiniz?
– Atam, mən və dayım (gülür).
– Dayınız niyə?
– Dedi ki, yanında olmaq istəyirəm. Bir yerdə getdik. Müqaviləni imzalayıb, Azərbaycana qayıtdıq.
– Gələk “Bu, benim öyküm” mahnısına və duet ortağınız, mahnının müəllifi Tuğçe Kandemirə…
– Hər şeyi menecerim etdi. O, Tuğçeni tapdı və mənə dedi ki, belə bir mahnı var, sosial mediada səs-küy yaradıb. Gəl, onu tapaq, duet şəklində ifa edin. Oxuya biləcəyim bir tərz idi.
– Dedim ki, niyə də olmasın?
– Onlar Mersinə, Tuğçeni razı salmağa getdilər. Çünki Tuğçenin mahnısı “Instagram”da “partlayanda” o geri çəkilib, 60 minlik hesabını bağlamışdı. Yayılmasını istəmirdi.
Birtəhər onu razı saldılar, o da bizim şirkətlə müqavilə imzaladı, duet oxudu. Çoxları deyir ki, Tuğçe niyə ön planda deyil? Tuğçe mahnını oxumaq, ümumiyyətlə, klipə də çəkilmək istəmirdi. Ön planda olmağım sırf bununla əlaqədardır.
– Mahnıya ümumi rəylər necədir?
– Deyirlər ki, Əlinin atası pulludur. Yazırlar ki, gedib “partlamış” mahnıya “qonmusan” (gülür).
– “Youtube”da ən çox – 70 milyon izlənən azərbaycanlısınız. Hissləriniz necədir? Bunu gözləyirdinizmi?
– Heç vaxt elə xəyalım olmayıb ki, “Youtube”da mahnım 50-100 milyon izlənsin. Uzağı “Instagram” fenomeni olmaq istəmişəm. Futbolu atandan sonra gitaramla videolar çəkmək, 100-200 min izləyici yığmaq istəyirdim. Uşaqlıqdan xəyalımda futbolçu olmaq var idi, alınmadı, “muzıkant” oldum (gülür).
– Məşhurlaşmağınız pul qazanmağınıza kömək edir? Gəlirləriniz var?
– Hər yerə getməyə icazəm yoxdur. Düzü, buradan təkliflər də yoxdur. İlk dəfə siz məndən müsahibə alırsınız, yəqin ki, bundan sonra hansısa verilişlərə çağırarlar, təkliflər də gələr.
– Gələcək hədəfləriniz nələrdir?
– Daha çox tanınmaq, konsertlər vermək, minlərlə insanın qarşısına çıxmaq istəyirəm. Öz bəstələrimi oxumaq kimi istəklərim var.
– Hədəflərə çatmaq üçün hansı stereotipləri qırmağa hazırsınız?
– Rəqs lazımdırsa, rəqsə gedərəm, səsim yaşımla bağlı olaraq tam yerində deyil, buna görə vokal dərsləri almaq lazımdırsa, onu da edərəm. Buna görə nə lazımdırsa, hamısını etməyə hazıram. Təki məqsədimə çatım.
– Türkiyədə ulduz olmaq üçün yaraşıqlı olmaq və səs rənginin fərqli olması yetərlidir?
– İnsanlığın da olmalıdır. Özündənrazı insanı kim sevər? Nə qədər yaraşığın və istedadın olsa da, deyərlər ki, bu insan eqoistdir. Adımı çəkəndə deyərlər ki, yox, lazım deyil.
– Yavaş-yavaş tanınmaq başını gicəlləndirmir ki?
– Normal qarşılayıram. Bunu gözləmirdim ki, başım da gicəllənsin, deyəm ki, “Yox, mən buyam!”. Nə varsa, odur. Necəyəmsə, elə də qalacam.
– Bunu beş il sonra görərik…
– Nə deyim? Görərsiniz.
– Bəs beş il sonra özünü harada görürsünüz?
– Beş il sonra müqaviləm bitir, bilmirəm neyləyəcəm (gülür). Yəqin ki, özüm tək gedəcəm. Hədəflərim daha böyük yerlərə gəlmək, eyni yerdə olmamaqdır. Bu yola çıxmışamsa, daha yüksəklərdə olmalıyam.
– Azərbaycanda nə vaxt yeni mahnı təqdim edəcəksiniz?
– Yaxınlarda Azərbaycan üçün də yeni bir iş təqdim edəcəm.
– Türkiyədə mahnılar ancaq türk dilində olacaq?
– Hələlik ancaq türk dilində mahnılar təqdim edəcəyik. Ramazandan sonra “Bu, benim öyküm”ün remiks versiyasına klip çəkəcəyik.
– Hansı müğənnilərdən ilham alırsınız?
– Nə türklərdən, nə azərbaycanlılardan favorit ifaçım var. Hansı mahnı qulağıma xoş gəlir, onu dinləyirəm. Bir-iki gün mahnıya qulaq asıram, içimdə hiss edirəm. Baxıram ki, artıq əzbərləmişəm.
İfaçılardan yalnız bir favoritim var – yeddi oktava səsə malik, qazaxıstanlı ifaçı Dimaş Kudaybergen. Düzdür, onun kimi oxuya bilmərəm. Ancaq tez-tez qulaq asıram.
– Geyimlərinizi özünüz seçirsiniz?
– Hamısı şirkət tərəfindən təsis olunur.
– Qohumlarınız, dostlarınızın sizə qarşı münasibətində dəyişiklik var?
– Hamısı deyir ki, fəxrimizsən. Başqa nə deyəcəklər ki?
– Bəs qızların?
– Yazırlar. Ancaq cavab vermirəm (gülür).
.
FOTO, VİDEO: Sadiq Fərzəlibəy
www.ÇıxışYolu.Com