9a589f67-5737-450e-993d-06317d89d69c..jpg

Yox olmaq üzrə olan tarixi abidə: Səngəçal karvansarası niyə baxımsız haldadır? – FOTO

Baxış sayı: 733 dəfə baxılıb.

Yox olmaq üzrə olan tarixi abidə: Səngəçal karvansarası niyə baxımsız
haldadır? – FOTO

Orta əsrlər dövrünə aid olan Səngəçal karvansarası baxımsız qalıb.

Bu barədə sosial şəbəkələrdə paylaşılan fotolardan görmək mümkündür.

Belə ki, Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən,
paytaxtdan 45 km cənubdakı Səngəçal karvansarası Bakı-Salyan yolu üzərində
qərarlaşır. İkimərtəbəli tikili dördbucaqlı formada inşa edilib. Mişar daşından
tikilən binanın fasadında olan kitabədə karvansaranın Şirvanşah I Xəlilullahın
göstərişi ilə 1439-40-cı illərdə inşa edilməsi barədə qeydlər var.

Karvansara binası hazırda baxımsız vəziyyətdədir. Yerli sakinlər binanın
əsaslı bərpaya ehtiyacı olduğunu qeyd edirlər. XIX əsrdə karvan yollarının
əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırıb. Köklü şəkildə
yenidən qurulmasa, bu tarixi abidə məhv olacaq.

Artıq üç ildən də uzun bir müddətdir ki, Səngəçal karvansarasının fotolardan
gördüyünüz vəziyyətdə olduğu qeyd edilib.

Orta əsr Şirvanşahlar dövlətinə aid olan, yox olmaq təhlükəsi ilə üz-üzə qalan
abidə ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlasaq da, cavab ala bilmədik.

Qeyd edək ki, mövzu ilə əlaqədar istifadə edilən fotolar bloqer İradə
Qədirovanın paylaşımından götürülmüşdür.

Könül Cəfərli

Source link