“Yoxa çıxan” Mahir, ümidləri doğrultmayan Musa, toparlanan Şahruddin:
Legionerlərimizin uğursuzluğu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Hazırda ölkə xaricində forma geyinən azərbaycanlı futbolçuların sayı kifayət
qədər çoxdur. Lakin onların mövcud performansı bir o qədər də azarkeşlərin
ürəyincə deyil. Azərbaycanlı legioner oyunçuların əksəriyyəti mövsümün
əvvəlində uğurlu çıxış edirdilər, lakin hazırda eyni sözləri demək çətindir.
“Kaspi”
qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:
“Qeybə çəkilən” Mahir
Bir neçə ildir legioner həyatı yaşayan Mahir Emreli, bəlkə də, ən uğursuz
mövsümünü keçirir. Keçən ilin yayında Zaqreb “Dinamo”suna qayıdan hücumçu
Xorvatiya çempionatına yaxşı start vermişdi. O, bu mövsüm bütün turnirlərdə
ümumilikdə 22 matçda beş qol, beş assistlə yadda qalıb. Sözügedən nəticələr
keçən ilə aiddir. Mahir sonuncu dəfə noyabrda “damalılar”ın heyətində meydanda
görünüb. Qış fasiləsi zamanı zədələnən forvard sonradan “yoxa çıxıb”. Emrelinin
niyə oynamadığı barədə dəqiq məlumat yoxdur. Onun komandası isə çempionluğa çox
yaxındır.
Qardaş ölkədə fərqli performanslar
Uğurlu “Qarabağ” karyerasından sonra Tailanda yollanan Ramil Şeydayevin də
əvvəlki oyunundan əsər-əlamət qalmayıb. “Buriram Yunayted”də 10 matçda bir qol
vuran irəli xətt oyunçusu “Kocaelispor”da 14 görüşdə cəmi bir dəfə fərqlənə
bilib. Asiya ölkəsində daha çox meydanda görünən Ramil Türkiyə I Liqa klubunda
nisbətən az şans qazanır. Komanda isə Super Liqaya yüksəlmək uğrunda pley-offda
mübarizə aparacaq.
Türkiyədəki digər təmsilçilərimizə gəlincə, Vüsal İsgəndərli “Boluspor”da 13
matçda demək olar ki, heç nə ilə yadda qalmayıb. O, mövsümün əvvəlini keçirdiyi
Albaniya “Eqnatiya”sında daha yaxşı görünürdü: 17 oyun, altı qol, iki məhsuldar
ötürmə. “Boluspor”un isə pley-off oynamaq şansı az deyil. Komanda bunun üçün
çox yaxın olduğu ilk “yeddiliy”ə düşməlidir.
Bəxtiyar Həsənalızadə bir müddət əvvəl “Tuzlaspor”un əsas heyətində yerini
itirsə də, geridönüş etməyi bacarıb. O, yenidən komandasının əsas
oyunçularındandır. Təcrübəli müdafiəçi bu mövsüm 20 qarşılaşmada şans qazanıb
və bir dəfə fərqlənə bilib. Lakin komandası I Liqada düşmə zonasındadır. Tuzla
təmsilçisi 14-cü pillədə qərarlaşıb və 17-ci yerdən cəmi iki xal aralıdır.
Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” isə liqada yerini qorumaq
missiyasını tamamlamaq üzrədir. Komanda 40 xalla 12-ci pillədə qərarlaşıb.
Coşqun əsas heyət üzvü hesab olunur. Lakin onun performansı bir qədər
enişli-yoxuşludur. Milli üzvü 30 oyunda üç qol, iki məhsuldar ötürmə ilə yadda
qalıb.
Toparlanan Şahruddin, Renat üçün təhlükəli zona
Şahruddin Məhəmmədəliyev Türkiyə Super Liqasında oyunu ilə azarkeşlərin
rəğbətini qazanıb. O, “Adana Demirspor”a yeni transfer olunanda az oynasa da,
hazırda komandanın əsas qapıçısıdır. Tənqidlərə baxmayaraq, topralanmağı
bacaran Şahruddin 23 oyunun beşində qapısını toxunulmaz saxlayıb və 32 qol
buraxıb. Komanda isə Super Liqanın ortababıdır. Adana təmsilçisi 44 xalla 11-ci
yerdə məskunlaşıb.
Renat Dadaşov “Hatayspor”da 28 qarşılaşmada beş qol vurub. Problem ondadır ki,
hücumçunun performansı get-gedə zəifləyir. Müqavilə ilə “Qrashopper”ə məxsus
olan forvardın İsveçrədəki çıxışı daha gözəgəlimli idi. “Hatayspor”un özünün də
vəziyyəti ürəkaçan deyil. Maliyyə problemləri ilə üz-üzə qalan klub Super
Liqada 18-ci pillədədir. Komandanın aşağı liqaya düşmək ehtimalı yüksəkdir.
Musa da ümidləri doğrultmur
Musa Qurbanlının İsveçdə işləri qaydasında deyil. Düzdür, o, “Yurqorden”
karyerasına uğurlu start vermişdi. Ötən mövsümün əvvəlində 14 qarşılaşmada iki
qol vuran və bir assist edə bilən hücumçu sonradan ortalarda görünmür. Bir neçə
oyunda zəif performansdan sonra Musa əsas heyətdə yerini itirdi. İndi isə onu
demək olar ki, “Yurqorden”də görmək mümkün deyil. Yeni mövsümün startından
Qurbanlı cəmi iki oyunda az müddət şans qazanıb. Musa daha çox klubun U-21
komandasında meydana çıxır. Onun yayda klubunu dəyişmək ehtimalı yüksəkdir.
Musanın “Qarabağ”a qayıdışı ilə bağlı söz-söhbətlər səngimir.
Etibarlı müdafiəçilər
Cəlal Hüseynov Bolqarıstan “Arda”sının əsas heyət üzvüdür. Millinin
müdafiəçisi klubunda 30 matçda bir dəfə fərqlənə də bilib. Komanda isə
çempionatın Konfrans Liqası qrupundadır. Lakin bu turnirə vəsiqə qazanmaq
şansını artıq itirib.
Anton Krivotsyuk da Cəlal kimi komandasının etibarlı müdafiəçilərindən hesab
olunur. O, Cənubi Koreyanın “Daceon Hana Sitizen” klubunda əsas heyət üzvüdür.
Anton yeni mövsümdə səkkiz oyunda forma geyinib. Müdafiəçi hətta qol vurmağı da
bacarıb. Lakin onun da komandasının performansı zəifdir. Klub II Liqada 12
kollektiv arasında səkkizincidir.
Ümumilikdə, legioner həyatı yaşayan oyunçularımız üçün mövsümü uğurlu hesab
etmək olmaz. Bunun göstəricisi odur ki, həmin futbolçulardan hər hansı biri
irəli addım atmağı bacarmayıb. Mövcud performansa əsasən isə növbəti transfer
dövründə bunun olması inandırıcı görünmür. Haqqında bəhs etdiyimiz
futbolçulardan bir neçəsini növbəti mövsüm yenidən Azərbaycan klublarında
görsək, təəccüblənməməliyik.