Yüksək gəlir vəd edən sahə – “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadi İslahatların Təhlili Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında
qeyd edilir ki, cari ilin ilk doqquz ayı ərzində spirtli və spirtsiz içkilərin
ixracı 3,3 dəfə artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə,
spirtli içkilər üzrə 2022-ci ildə əldə edilən gəlir 7 891.4 min dollar, 2023-cü
ildə isə 18 653.3 min dollar olub. Təxmini artım 2.4 dəfədir. Spirtsiz içkilər
üzrə isə bu rəqəm 2022-ci ildə 6 387.1 min dollar, 2023-cü ildə isə 29 131.7
min dollar təşkil edib. Burada təxmini artım 4.6 dəfədir.
Göründüyü kimi, ixrac rəqəmləri müsbətdir. Bəs bu rəqəmlər sözügedən sahənin
gələcəyi üçün nələr vəd edir?“Kaspi”
qəzeti növbəti məqaləsində bu suala cavab axtarıb.
Rusiya Azərbaycan məhsullarına möhtac qalıb
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, idxal rəqəmləri iki
səbəbdən artır: “Əvvəlki illərlə müqayisədə alkoqollu və alkoqolsuz içkilərin
həm idxalında, həm də ixracında artım müşahidə olunur. Səbəblərdən ən başlıcası
Rusiya-Ukrayna müharibəsi fonunda bəzi markaların, brendlərin Rusiyadan
çıxmasıdır. Bu da onların oxşarları və alternativlərinin Azərbaycan bazarından
idxal edilməsinə gətirib çıxarıb. İkinci səbəb isə budur ki, sahibkarlar xaricə
ixrac istiqamətində işlərini fəallaşdırıblar”.
Dünya bazarında da rəqabət apara bilərik
X.Kərimlinin fikrincə, artım rəqəmləri çox da böyük deyil: “Hesab edirəm ki,
bu göstəriciləri dəfələrlə artırmaq imkanlarımız var. Yəni ixrac potensialı
hələ pikə çatmayıb. Azərbaycanda müxtəlif meyvə şirələri var ki, dünya və MDB
bazarına çıxarılır. Azərbaycan məhsulları həm keyfiyyətinə, həm də qiymətinə
görə MDB məkanında da, dünya bazarında da rəqabət apara bilər. Amma iki qonşu
dövlət – həm Gürcüstan, həm də Ermənistan bu sahədə bizi dəfələrlə
qabaqlayırlar. Gürcüstan şərabları, Ermənistan da konyakları ilə məşhurdur.
Bizim rəqəmdən dəfələrlə artıq dünya bazarına spirtli içki ixrac edirlər.
Düşünürəm ki, biz də artım tempini saxlaya bilərik. Amma potensial Rusiya
bazarına ixracın daha da artırılmasına imkan verir”.
Təşviq etmək istəyiriksə…
Ekspert bildirdi ki, ixracı daha da artırmaq üçün bu sahədə çalışan
sahibkarlara dəstək məqsədilə müəyyən addımlar atılmalıdır: “İxracın
artırılmasını sahibkarlar təşkil edirlər. Sadəcə, Azərbaycanda ixracı təşviq
mexanizmləri kifayət qədər yaxşı deyil. Bu baxımdan ixracyönümlü iqtisadiyyatın
qurulması lazımdır. İxracyönümlü iqtisadiyyat istiqamətində vergi, gömrük
məcəlləsi də tənzimlənməlidir. Sahibkarların dövriyyə kapitalının əlindən
çıxmaması üçün ixrac şirkətlərinə bu sahədə müəyyən müddətlik güzəştlər
edilməlidir. Təşviq etmək istəyiriksə, müxtəlif ticarət evləri təşkil etmək
olar. Azərbaycan hökumətinin hesabına ticarət evləri, sərgilər qurula bilər.
Hökumət bunu maliyyələşdirməlidir ki, sahibkarlar xarici tərəfdaşlarını tapsın”.
Bu sahədə ixtisaslaşa bilərik
İqtisadi məsələlər üzrə mütəxəssis Emin Qəribli isə qeyd etdi ki, bazarda
yaranan fürsətlərdən yararlanaraq daha da inkişaf edə bilərik: “Qeyri-neft
sektorunun inkişafına dair dövlət proqramları qəbul olunub. Bu səbəbdən
dinamika var idi və spirtsiz içkilərdə ixtisaslaşırdıq. Qeyri-neft ixracatında
şirələr mühüm rol oynayırdı. Son dövrlər tələbat artdıqca, bizim məhsullarımız
Rusiya və digər bazarlara ixrac olunur. Hətta Avropa bazarlarına da
çatdırırdıq. Onu nəzərə alaq ki, Rusiya bazarına müəyyən sanksiyalarla əlaqədar
bir neçə şirkət məhsul ixrac etmir və ona görə imkanlar genişdir. Hesab edirəm
ki, xüsusən də spirtsiz içkilərdə artıq ixtisaslaşırıq. İndi bazar genişlənir,
tempi saxlaya və artıra biləcəyik. Potensialımız yüksəkdir, perspektiv çoxdur”.
İxrac subsidiyalarını artırmaq olar
E.Qəribli düşünür ki, bu sahəyə diqqət artırılmalıdır: “Məhz ixracyönümlü
olduğuna görə ixrac subsidiyalarını da artırmaq olar. Bu isə öz növbəsində
həmin sahələrin inkişafına təkan verəcək. Bildiyimiz kimi, Qarabağ bölgəsi
xüsusən spirtli içkilərdə ixtisaslaşıb. Burada xüsusi üzüm sortları var idi ki,
məhz bu ərazilərə aid idi. İnanıram ki, bu ərazilər daha çox əkilib
becərilərsə, imkanlarımız daha da genişlənər. Gələcəkdə həm spirtli, həm
spirtsiz içkilərin ixracatında geniş imkanlar yaranacaq”.