Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 21-də Mədəniyyət Nazirliyində Azərbaycanın Xalq artisti, Rusiyanın
məşhur teatr və kino rejissoru, teleaparıcı, ictimai xadim, əslən Bakıdan olan
Yuli Qusmana “Şərəf” ordeni təqdim edilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yuli Qusman Prezident İlham Əliyevin 7 avqust 2023-cü il
tarixli sərəncamı ilə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə bu ali ordenlə təltif
olunub.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 80 illik yubileyi və
respublikamızın yüksək təltifinə layiq görülməsi münasibətilə Yuli Qusmana
təbriklərini çatdırıb.
Qeyd olunub ki, ömrünün böyük hissəsini incəsənət sahəsinə həsr edən rejissor
zəngin irs yaradıb. Bakılı olması ilə hər zaman fəxr edən sənətkar Azərbaycanın
haqq səsinin beynəlxalq aləmə çatdırılmasına da öz töhfəsini verib.
Yuli Qusman çıxış edərək sənətinə verilən yüksək dəyərə görə Prezident İlham
Əliyevə minnətdarlığını bildirib.
Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini rejissora təqdim edib,
xatirə şəkli çəkdirilib.