5b3f09f0-b8e6-4cd1-8e76-163d67b5b411..jpg

Yumurta bahalaşıbmı? – İstehsalçılardan AÇIQLAMA

Baxış sayı: 802 dəfə baxılıb.

Yumurta bahalaşıbmı? – İstehsalçılardan AÇIQLAMA

Son günlər bəzi internet media resursları və sosial şəbəkələrdə Azərbaycanda
yumurtanın bahalaşmasına dair əsası olmayan məlumat yayılıb.

Bu barədə Azərbaycanda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının birliyi
olan Azərbaycan Quş əti, Yumurta istehsalçıları və İxracatçıları İctimai
Birliyi (APEPEA) məlumat yayıb.

APEPEA idarə heyətinin sədri Mürvət Həsənli bildirir ki, bir sıra ekspertlər
real vəziyyəti öyrənmədən yumurtanın “bahalaşması”nın səbəblərinə dair rəylər
səsləndirirlər:

“Quş yumurtasının topdansatış qiymətlərində hər hansı dəyişiklik edilməyib.
Mövcud topdansatış qiymətləri 2022-ci ilin oktyabrından dəyişməz olaraq qalır.
Əksinə, bəzi market şəbəkələri Novruz bayramı ərəfəsində yumurtanın qiymətində
1-2 qəpik endirim tətbiq ediblər”.

M.Həsənli vurğulayıb ki, Azərbaycanda hazırda yumurta istehsalında artım
müşahidə olunur:

“Yerli quşçuluq müəssisələrinin istehsalı xeyli artaraq, daxili tələbatdan da
yüksək səviyyəyə çatıb. Fevralın 7-də Nazirlər Kabineti yem və yem əlavələrinin
idxalını gömrük rüsumundan azad edən qərar, fevralın 27-də isə Prezidentİlham
Əliyev yem və yem əlavələrinin idxalını bu ilin sonunadək ƏDV-dən azad edən
fərman imzalayıb. Bu, ölkəyə idxal olunan əsas yem və yem əlavələrinin
qiymətinin azalmasına imkan verir. Bu addımlara qarşılıq olaraq quşçuluq
müəssisələri istehsal etdikləri məhsulların qiymətində hər hansı artıma
gedilməməsi mövqeyindədirlər. Digər tərəfdən, yumurta istehsalının bol olduğu
bir şəraitdə quşçuluq təsərrüfatları özləri də qiymətləri qaldırmaqda iqtisadi
baxımdan maraqlı ola bilməzlər”.

Birlik rəhbəri onu da bildirir ki, yumurta istehsalçıları ötən ildən bəri
daxili tələbatdan artıq olan məhsulun xarici bazarlara çıxarılması prosesini
işə salıblar:

“Yumurta ixracı hazırda da davam edir. Çünki istehsal yerli tələbatdan
yüksəkdir, istehsalçılar bu fürsətdən yararlanırlar”.

M.Həsənlinin sözlərinə görə, ola bilsin ki, ölkənin bəzi bölgələrində hansısa
orta və kiçik marketlər bayramqabağı tələbatın artmasından istifadə edib
qiymətləri qaldırıblar:

“Bakıda və regionlarda filialları olan böyük market şəbəkələrinin heç birində
qiymət artımı yoxdur. Biz vaxtaşırı monitorinqlər edirik, xüsusilə belə həssas
dövrlərdə sui-istifadəyə yol verilməməsinə çalışırıq. Çünki məhsulun
topdansatış qiymətində hər hansı artıma gedilməyib. Sevindirici haldır ki, bir
sıra iri market şəbəkələrində bayram münasibətilə yumurtanın qiymətində endirim
edilib. Bu, yerli müəssisələrin məhsullarına aiddir. Ola bilər ki, xaricdən
idxal edilən yumurtaların qiymətində artım var, bunun bizə – Azərbaycan
quşçuluq müəssisələrinə heç bir aidiyyəti yoxdur”.

Source link