Yunanıstan çempionu olan azərbaycanlı futbolçu: “Daha böyük klublarda oynamaq
istəyirəm” – MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mən buradan daha böyük klublara getmək istəyirəm. Yunanıstan çempionatının
səviyyəsi də yüksəkdir. Mövsümün sonunda menecerimlə birlikdə qərar verəcəyik”.
Bunu Yunanıstanın PAOK komandasının heyətində ölkə çempionu olan qadın
futbolçulardan ibarət Azərbaycan millisinin müdafiəçisi Ayşən Əhmədova
AZƏRTAC-ın suallarını cavablandırarkən deyib.
Həmin müsahibəni təqdim edirik.
– PAOK-dakı ilk mövsümünüzdə Yunanıstan çempionu oldunuz. Təəssüratlarınızı
bilmək maraqlıdır…
– PAOK çox böyük klubdur. Bu komandanın bir parçası olduğuma görə xoşbəxtəm.
Ailə kimi olmağımız bizə çempionluğu qazandırdı. Ən böyük fərq isə məğlub
olmadan qızıl medallara sahib çıxmaq idi. Mövsümün bitməsinə 4 tur qalmış bunu
bacardığımıza görə sevincliyik.
– Mövsümün startından əvvəl bu cür nəticəni gözləyirdiniz?
– Komandamız ötən il də çempion olub. Bu mövsüm də məqsəd qızıl medallara
sahib çıxmaq və növbəti il Çempionlar Liqasında oynamaq idi. Kollektivdə olan
özünəinam sayəsində bunu bacardıq.
– Bu, sizin ölkə xaricində ikinci çempionluğunuzdur…
– Bəli, ötən il Türkiyənin “Fomget” komandasının heyətində bu sevinci
yaşamışdım. Ardıcıl iki il Avropada çempion olmaq əla hissdir.
– Çempionluq yolunda əsas rəqibləriniz hansı komandalar idi?
– “Panatinaikos”la matçlar gərgin və çətin keçdi. Onlar əsas rəqiblərimizdən
biri idi. Düşünürəm ki, meydanda qələbəni ən çox istəyən tərəf biz idik.
– Yunanıstan Kubokunda mübarizəni davam etdirirsiniz. Yəqin ki, burada da
qalib gəlməyi hədəfləyirsiniz…
– Ölkə kubokunda yarımfinala vəsiqə qazanmışıq. Bu mərhələdəki rəqib “O.F.N.
Yonias” komandasıdır. Mövsümü “qızıl dubl”la bitirmək istəyirik.
– PAOK-la müqavilə bağladığınız zaman demişdiniz ki, bu komanda Avropanın daha
güclü klublarına getmək üçün tramplin rolunu oynayacaq. Artıq mövsüm də başa
çatmaq üzrədir. Gələcək karyeranız barədə qərar vermisiniz?
– Əlbəttə, mən buradan daha böyük klublara getmək istəyirəm. Yunanıstan
çempionatının səviyyəsi də yüksəkdir. Mövsümün sonunda menecerimlə birlikdə
qərar verəcəyik.
– PAOK sizə növbəti mövsüm üçün yeni müqavilə təklif edib?
– Bəli, yeni müqavilə təklifi olub. Lakin hazırda burada qalıb-qalmayacağım
barədə qərar verməmişəm.
– Gələcəkdə hansı tanınmış komandada oynamaq istəyərdiniz?
– Gələcəkdə “Qarabağ”ın qadın komandasının yaranmasını və həmin formanı
geyinərək uğurlar qazanmağımı istəyirəm. Ümid edirəm ki, bu arzum reallaşacaq.
Ağdam klubunu təmsil etmək qürurverici olar.