Yunanıstan klubu Pedro üçün “Qarabağ”dan beş milyon istəyib

Yunanıstan klubu Pedro üçün “Qarabağ”dan beş milyon istəyib

Baxış sayı: 2. 655 dəfə baxılıb.

Braziliyalı futbolçu Pedro Enrikenin “Qarabağ”dan ayrılmasının səbəbi bəlli olub.

ÇıxışYolu.Com Yunanıstan mətbuatına istinadən xəbər verir ki, PAOK klubunda əsas heyətə düşə bilməyən braziliyalı yarımmüdafiəçi ötən mövsümün əvvəlində oyun praktikası toplamaq üçün Azərbaycana göndərilib.

Onun ölkəmizə gəlməsində Aleksandros Paşalakis vasitəçilik edib.

Azərbaycan çempionu bu keçid müqabilində qarşı tərəfə altı aylıq icarə haqqı kimi 166 min avro ödəyib. Lakin PAOK 28 yaşlı futbolçunun birdəfəlik transferi müqabilində “Qarabağ”dan beş milyon avro tələb etdiyindən, maddi durumu heç də yaxşı olmayan ağdamlılar ondan imtina ediblər.

Pedronun “Qarabağ”ın heyətində Çempionlar Liqasındakı yüksək səviyyəli oyunu PAOK-un prezidenti İvan Savvidisin ürəyincə olub. Bu səbəbdən rəhbərlik onu komandada saxlamaq qərarına gəlib.

Qeyd edək ki, Pedro Enrike “Qarabağ”ın heyətində Azərbaycan Premyer Liqasında 19 oyun keçirib və üç qolla yadda qalıb. O, Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsində vurduğu ilk qolun müəllifi kimi tarixə düşüb.

S.T.
www.ÇıxışYolu.Com