Yunanıstanın tanınmış kurortları, nəhəng limanları və məşhur Parfenon alovun içindədir. Son məlumatlara görə, meşə yanğınları nəticəsində 50 nəfər həlak olub, 100 nəfər xəstəxanalara yerləşdirilib. Alov paytaxt Afinaya da çatıb. Xilasedicilər və yanğınsöndürənlər alovla mübarizə aparmaqda çətinlik çəkirlər.
ÇıxışYolu.Com xəbər verir ki, yanğın yolları, evləri, şəhər və qəsəbələri əhatə edir.
Kalamos adası alovlara təslim olub, Rafina limanı tüstüdə boğulur, Korinfə gedən bütün yollar kəsilib.
Bəzi rayonlara gedən yollar tamamilə qapanıb. Bu rayonlardan turistlər yalnız helikopterlər vasitəsilə təxliyyə edilir. Havanın temperaturunun 40 dərəcə olması və əsən külək yanğınla mübarizədə maneələr törədir.
Güclü yanğın səbəbindən ölkənin baş naziri Aleksis Tsipras səfərini yarımçıq dayandırmalı olub. Bir neçə saat əvvəl o, ölkəsinə dönüb və rəsmi bəyanatla çıxış edib. Ölkədə fövqəladə vəziyyət elan olunub.
Afina Avropadan yardım xahiş edib, lakin İtaliya və Fransa aviasiyası Skandinaviyadakı yanğınların qarşısını almağa çalışır. Yanğın artıq İsveç, Norveç və Finlandiyadakı meşələri məhv edib. Bu, o deməkdir ki, yunanlar yanğınla hələlik özləri mübarizə aparmalı olacaqlar.
08:37
Afinanın yaxınlığındakı meşə yanğınları nəticəsində 26 nəfər ölüb, daha 69 nəfər xəstəxanaya yerləşdirilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə “Associated Press” rəsmi mənbələrə istinadən xəbər verib.
Yaralılardan çoxunun vəziyyəti ağır kimi qiymətləndirilir. Afina ətrafında yaşayan sakinlərin təxliyyəsi isə davam etdirilir.
23.07.2018, 21:37
Yunanıstan paytaxtı yaxınlığında başlayan meşə yanğını Afina ilə Korinf arasında yerləşən sahilboyu tikililəri də ağuşuna alıb.
ÇıxışYolu.Com “Greek Reporter”ə istinadla xəbər verir ki, yanğının söndürülməsinə onlarla yanğınsöndürən, üç təyyarə və iki helikopter cəlb olunub. Lakin güclü külək yanğını nəzarətə almağa imkan vermir.
Bundan əlavə, məhz küləkli hava sahilboyu evlərin də yanmasına səbəb olub.
Yunanıstan Mülki Müdafiə nazirliyinin baş katibi Yannis Kapakis bildirib ki, ilk növbədə insanların həyatlarını və evlərini yanğından mühafizə etmək üçün böyük qüvvə cəlb olunub.