Uzun müddət Azərbaycan KİV-ləri informasiya müharibəsində Ermənistana layiqincə müqavimət göstərə bilmirdi. Bu gün biz nəinki müqavimət göstəririk, hətta bütün dünyada erməni təbliğatını sarsıdırıq.
Bu fikirləri ÇıxışYolu.Com-a açıqlamasında tanınmış azərbaycanlı yazıçı-türkoloq, tarixçi, publisist, politoloq və jurnalist Yunus Oğuz deyib.
Onun sözlərinə görə, əvvəllər ermənilər KİV-lər vasitəsilə dünya ictimaiyyətinin şüuraltı təsir edərək yalanı doğru kimi qələmə verə bilirdilər.
“Amma, necə deyərlər, haqq-ədalət öz yerini tapdı. Digər ölkələrə nümunə ola biləcək kütləvi informasiya vasitələrinə dövlət dəstəyi sayəsində dünya Azərbaycan, azərbaycanlılar, Qarabağ, bizim mədəniyyətimiz və dövlətçiliyimizlə bağlı həqiqətləri öyrəndi”, – müsahibimiz qeyd edib.
O əlavə edib ki, bu gün hər bir azərbaycanlı jurnalist Azərbaycana və dövlətçilimizə qarşı çıxanlar bədxahlarla informasiya müharibəsinə cəlb olunub.
“İnformasiya müharibəsindəki qələbə sayəsində biz hətta işğal altındakı Qarabağı da qaytara bilərik.
Fürsətdən istifadə edərək, mən ölkəmizin bütün jurnalistlərini peşə bayramı münasibəti ilə təbrik etmək, eləcə də jurnalistlərin problemlərinə göstərdiyi xüsusi diqqətə görə hökumətimizə təşəkkür etmək istəyirəm.
Azərbaycan dünyada yeganə ölkədir ki, burada jurnalistlər üçün hər il böyük vəsait ayrılır: evlər tikilir, mənzillər təmir olunur, KİV nümayəndələrinin sosial problemləri həll edilir”, – Y.Oğuz qeyd edib.