a2ee1966-b2a8-43f1-8083-313066146a94..jpg

Yuri Oliynık: “Fransa siyasətçiləri Ermənistanı nə qədər sevdiklərini nümayiş etdirirlər” – MÜSAHİBƏ

Baxış sayı: 539 dəfə baxılıb.

Yuri Oliynık: “Fransa siyasətçiləri Ermənistanı nə qədər sevdiklərini nümayiş
etdirirlər” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın son illərdə Afrikada açıq-aşkar problemləri yaranıb. Səfirliklər
bağlanır, Paris Burkina-Faso, Niger, Mali və digər ölkələrdən geri çəkilir.
Fransızdilli Ölkələr Şurası (Frankofoniya təşkilatı) Nigeri təşkilatın
keçirdiyi beynəlxalq forumlarda iştirakdan kənarlaşdırır və buna cavab olaraq
bu dövlət fransızdilli ölkələrlə əməkdaşlığı dayandırır. Siyahını uzatmaq da
olar.

Niyə Fransa Afrikadakı mövqeyini bu qədər sürətlə itirir? Bir çox ekspertlər
bunu Fransanın hazırkı Prezidenti Emmanuel Makron və onun komandasının siyasəti
ilə əlaqələndirirlər.

“Ukrayna strateji araşdırmalar studiyaları” Qeyri-Hökumət Analitik Mərkəzinin
tədqiqat proqramlarının rəhbəri, Ukrayna Afrika Araşdırmaları Mərkəzinin
həmtəsisçisiYuri Oliynık Cixisyolu.com-a verdiyi müsahibəsində özünün də bu fikirdə
olduğunu qeyd edib:

– Razıyam ki, bu, görməli olduğu işi etməyən Prezident Emmanuel Makronun
günahıdır. Məsələn, o, Afrika ölkələrinin əhalisinin seçki yolu ilə dəstəyini
qazanmaqda maraqlı deyildi. Fransa Afrikanın problemlərinin həllində maddi
yardım göstərmədi. Beləliklə, faktiki olaraq Makronun rəhbərliyi altında
Fransanın təsirinin azalması göz qabağındadır. Ancaq bunun təməli hələ son 50
ildə onun sələfləri tərəfindən qoyulmuşdu.

Qərbi Afrikada, Fransanın təsir zonasında dekolonizasiya kifayət qədər formal
xarakter daşıyırdı. Əslində, Fransa regionun əsas iqtisadi və siyasi lideri
olaraq qalırdı. Afrikadakı Fransa müstəmləkələrinin (CFA – Colonies Françaises
en Afrique) frankı Qərbi və Ekvatorial Afrikadakı və bəzi digər ərazilərdəki
keçmiş fransız mülklərinin pul vahidinə çevrildi. Beləliklə, Afrika
dövlətlərinin Parisdən maliyyə asılılığı var. Bundan əlavə, Fransa hərbi
bazaları hələ də bölgədə mövcuddur.

İqtisadiyyata və sənayeyə heç bir sərmayə qoyulmadığından Fransanın təsir
zonasında aşağı həyat səviyyəsi olub və bu belə olaraq qalmaqdadır. Paris
fikrini yalnız dəyər-dəyməzinə Fransaya çatan ehtiyatların hasilatına
cəmləşdirmişdi. Əhali arasında gərginlik daha da artırdı, xüsusən də son
onilliklərdə internetin mövcudluğu ilə ədalətsiz vəziyyətin yarandığını
yoxlamağın, başa düşməyin və buna əmin olmağın mümkün olduğu dövrdə. Bütün
bunlar isə Saheldə (Saxara səhrasının cənubunda yerləşən region – red.)
qeyri-sabitlik, münaqişələr, radikal və separatçı hərəkatların fəallığı fonunda
baş verirdi. Bir çox ölkələrdə fransayönümlü hakimiyyətlər yalnız paytaxtlara
və əsas nəqliyyat magistrallarına nəzarət edə bilirdilər. Problemin öhdəsindən
gələ bilmədiyi üçün bunda da məhz Fransa günahlandırılır.

Bu zəiflikdən artıq Afrikada təbliğatını genişləndirən və daha sonra təsirini
gücləndirmək üçün hərbi-siyasi komponentə keçən Rusiya istifadə edib. Fransa bu
ərazini öz təsir zonasında saxlamaq üçün Afrikanın problemləri ilə daha tez
məşğul ola, daha çox tərəfdaşlığa əsaslanan, ədalətli münasibətlərə keçə
bilərdimi? Bəli, bilərdi. Lakin bunu etmədi, çünki bu, daha çox resurs və
diqqət tələb edirdi. Paris belə qərar verdi: maşın, onsuz da, işləyirsə, nəyisə
dəyişməyin nə mənası var? Bu vəziyyətə daimi protestlərin baş verdiyi Fransanın
daxili problemləri əlavə olundu.

Son illərdə biz Fransanın Mərkəzi Afrika Respublikası, Mali, Burkina-Faso və
Nigerdə ardıcıl tənəzzülünün şahidi olduq. Kot-d’İvuar və Kamerunda Fransanın
maraqları üçün təhlükə var. Qabondakı son çevriliş də, həmçinin, Fransaya
arxalanan diktatura rejimindən narazılıq səbəbindən yaranmışdı.

– Bütün bunlar nəyə gətirib çıxaracaq? Fransa nəhayət Afrikanı tərk edəcək,
yoxsa o, başqa bir şeydən yapışa bilər? Məsələn, Madaqaskarda son prezident
seçkisində fransayönümlü siyasətçi sayılan Andri Radzuelina qalib gəlib…

– Bəli, amma prinsipcə, Fransa ilə onun müstəmləkələri arasında qarşılıqlı
münasibətlər sistemi yenidən yaradılmasa, həmin Rusiya, Çin və ya hansısa güclü
müsəlman ölkəsinin oraya daxil olmaq imkanı var…

– İndiki Fransaya baxanda elə gəlir ki, artıq təriflənən fransız diplomatiyası
yoxdur. Afrikada problemlər yarandı, Paris Cənubi Qafqaza diqqət yetirmək
qərarına gəldi və Ermənistanı çox fəal dəstəkləməyə başladı. Bu da Azərbaycanda
əsaslı narazılığa səbəb oldu.

– Geosiyasi nöqteyi-nəzərdən baxsanız, Fransanın (Cənubi Qafqaz regionunda –
red.) böyük maraqları və imkanları yoxdur. Parisin öz resurslarından daxili
məsələləri həll etmək üçün istifadə etməsi daha məntiqli olardı.

Amma məsələ ondadır ki, Fransada böyük erməni diasporu var. Fransa
siyasətçiləri özlərini ona bəyəndirmək üçün Ermənistanı nə qədər sevdiklərini
nümayiş etdirirlər. Lakin bu, həqiqətən də, Fransanın diplomatik mövqelərini
məhv edir və onun ikiüzlülüyünü göstərir. Gəlin xatırlayaq ki, Paris əvvəllər
də Qarabağı işğal edən və beynəlxalq səviyyədə tanınmış (Azərbaycanın – red.)
sərhədləri pozan Ermənistanı dəstəkləyirdi. Fransanın hərəkətləri Paris və
Ankara arasındakı mübahisələrə görə NATO-nu zəiflədirdi. Təbii ki, belə bir
siyasəti ağıllı siyasət adlandırmaq çətindir. Ola bilsin ki, fransız
siyasətçilər bu cür hərəkətləri ilə əhalinin diqqətini daxili problemlərdən
yayındırmağa çalışırlar, hətta ola bilsin ki, bu, bir nəticə verir, lakin bu
nəticə qısamüddətlidir. Daha sonra isə sifətin itirilməsi, Fransanın dünyada və
hətta Afrikada nüfuzunun xeyli düşməsi ilə bağlı əlavə problemlər yarana bilər.

Nair Əliyev

Source link