9a24b501-5473-461c-8640-2690d991c23b..jpg

Yusif Ağayev: “Ad günüm yasa çevrildi, süfrələr açıq, qazanların qapağı bağlı qaldı…” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 877 dəfə baxılıb.

Yusif Ağayev: “Ad günüm yasa çevrildi, süfrələr açıq, qazanların qapağı bağlı
qaldı…” – MÜSAHİBƏ + FOTO

“Hələ ki ekrana qayıtmaq niyyətim yoxdur. Özümü radioda çox gözəl hiss edirəm”.

Bunu tanınmış DJ və teleaparıcı Yusif Ağayev doğum günündə Moderator.az-ın
suallarını cavablandırarkən deyib.

– Yusif bəy, öncə sizin doğum gününüzü ürəkdən təbrik edirəm. Doğum günü sizin
üçün nə anlam kəsb edir?

– Bu gün mənim tək doğum günüm yox, həm də atamın dünyasını dəyişdiyi gündür.
Onu itirdiyim gündən 61 il ötür. Mənim ad günümdə qazanların qapağı açılmayıb,
masalarda süfrələr açıq qalıb, heç kəs əyləşə bilməyib. Ad günüm bir növ yasa
çevrilib. Ona görə də bu gün ad günü kimi deyil, daha çox atamın dünyasını
dəyişdiyi gün kimi yaddaşıma həkk olunub. O da yadımdadır ki, atamı itirdiyim
gündən sonra qohum-qardaşlar bizə məni təbrik etmək üçün yox, atamın xatirəsini
yad etmək üçün gəlirdilər. Atamın adı Hüseyn idi. Məzarı üstündə yada salınır
ki, Hüseyn, bu gün sənin həm dünyanı dəyişdiyin gün, həm də övladın Yusifin ad
günüdür. Hər il doğum günümdə sübh tezdən atamın məzarı üstünə gedib, onun
ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad edirik.

– Belə başa düşdüm ki, doğum gününüzü qeyd etmirsiniz?

– Ad günümü ya iki gün əvvəl, ya da iki gün sonra qeyd edirəm. Bunun mənim
üçün önəmi yoxdur. Ən əsası, mən doğum günümdə ən əziz insanımı itirmişəm.
Mənim üçün dünyada bundan böyük faciə ola bilməz. 64 yaşım tamam olur. Gəlin
belə edək. 6 ilə 4-ü birləşdirək, olsun 10 yaş. Mənim bu gün 10 yaşım tamam
olur. Qəlbimdə bir uşaq kimiyəm, hərdən küsürəm, hərdən inciyirəm (kövrəlir).
Amma bunu heç kimə bəlli etmirəm. Hərdən qəlbim də qırılır. Qəlbimin
qırılmasını da heç kimə bildirmirəm. Çalışıram ki, insanların içində onlara
layiq, mehriban, gülərüz davranım. Problemlərimi heç kimlə bölüşmürəm.

Yaxınlarım, doğmalarım, bir də illərdir çalışdığım “106 FM” radiosu məni
həyata bağlayır. Yalnız onların varlığı məni həyatda yaşadır, stimul verir.
Doğmalarım, yaxınlarım hər il dekabrın 28-də mənim kiçik, birotaqlı mənzilimə
sığışanda bu mənim ürəyimə qürur verir, heç nə düşünmürəm. Eybi yox, qoy mən
kiçik bir mənzildə, hər zaman doğmalarımın sevgisi ilə yaşayım. Bu mənim üçün
daha önəmlidir. Yaxınlarımın qayğısına qalmağı özümə borc bilmişəm, imkanım
çatan qədər onlara əl tutmuşam. Deyir, sağ əlin verdiyini sol əl bilməz. Hər
zaman onlara yardım etmişəm, onlar üçün yaşamışam. Sağ olsunlar ki, onlar da
mənim bu əziyyətimi, qiymətimi unutmurlar. Mütləq deyil dekabrın 28-i olsun,
başqa günlərdə də yaxınlarından, doğmalarından zənglər almaq daha xoş olur.

– 28 dekabr daha hansı əlamətdar gün kimi qalmaqdadır?

– Bu gün həm də mənim şou-biznesdə ən yaxın dostlarımdan ikisinin ad günüdür.
Biri burada, o biri isə öz haqq dünyasında qeyd edir. Bunlardan biri çox
sevdiyim əməkdar artist Manana Caparidzedir. Onun Azərbaycanda fəaliyyətinə ilk
gündən “106 FM” radiosunda dəstək olmuşam. Digəri isə bir neçə ay əvvəl dəfn
etdiyimiz, şou-biznesin əsas simalarından olan Rəhim Rəhimlidir. Mananaya
Allahdan cansağlığı arzulayıb, Rəhimə isə rəhmət diləyirəm.

– Tezliklə ekrana qayıtmaq fikriniz varmı?

– Xeyr! Hələ ki ekrana qayıtmaq niyyətim yoxdur. Özümü “106 FM” radiosunda çox
gözəl hiss edirəm. Çünki ATV kanalı ilk olaraq “106 FM” radiosundan başlayıb.
Orada ilk olaraq mənim səsim eşidilib. Bununla hər zaman fəxr etmişəm. Bu
fikirlərim təkəbbürlü çıxa bilər, amma oxucular mənim nə demək istədiyimi dəqiq
bilirlər. Hətta o vaxt bizim musiqi fonotekamızda mahnılar yetərli qədər
deyildi, internetdən yükləmələr yox idi. Biz diskləri oradan-buradan alırdıq.
Bu disklər xüsusi olaraq bizim üçün yazılıb, tanış-bilişlər vasitəsilə
göndərilirdi. Disk axı işləndikcə onda qüsurlar – cızıqlar yaranır, bəzən
olurdu ki, qəfildən dayanırdı. Bu anda aparıcı mikrofonu tez açıb müdaxilə
etməli idi ki, efirdə boşluq yaranmasın. Bu gün “106 house”, “10-dan sonra”
verilişinin şaxələrini başqa verilişlərdə, kanallarda görəndə sevinirəm. Çox
sevinirəm ki, bir zamanlar Rəna xanımla çalışdığım verilişdəki zəhmətim,
əziyyətim heçə getməyib. Yusif Ağayev adı öz sözünü zamanında deyib. İndi qoy
başqaları desinlər və mən də Yusif olaraq kənardan baxıb, öz əməyimin heçə
getməməyinə sevinim, bununla qürur duyum.

– Yeri gəlmişkən, bu günlərdə ATV kanalının 22 yaşı tamam oldu. Səhv
etmirəmsə, elə ilk illərdən orada çalışırsınız?

– Bəli. ATV yeni yaradılanda bir sıra problemlərimiz var idi, maşınlarımızın
sayı da az idi. Elə olurdu ki, bir müxbir harasa çəkilişə gedəndə biz
gözləyirdik ki, o gəlsin, sonra gedək. Bəzən də rəhbərlik bizə taksi ilə
gedib-gələk deyə maddi yardım edirdi. Texnika çatışmırdı, mikrofonların sayı az
idi. Bunların hamısını yaşamışıq (gülür). Sonradan hər şey düzəldi, öz yoluna
düşdü. Bu 22 il ərzində çox şey dəyişdi. ATV bu gün öz peşəkarlığı,
mükəmməlliyi, yayımı ilə Azərbaycan teleməkanında nömrə bir kanal olaraq öz
sözünü deməkdədir və deyəcək də. Çünki ATV kanalı yalnız bir amalla çalışır. O
da peşəkarlıqdır. Çox sevinirəm ki, ATV kanalının yaradıcılarından biriyəm və
bununla qürur duyuram. Doğma kanalımı ürəkdən təbrik edirəm, ona uğurlar arzu
edirəm. Yeni-yeni verilişlərlə tamaşaçıların gözünü oxşamağı səmimi qəlbdən,
ürəkdən arzu edirəm. Bu dünyanın işini heç bilmək olmaz. Bəlkə, bir gün başqa
bir layihədə yenidən Yusif Ağayev öz pərəstişkarlarını ATV kanalından salamladı.

– Tamaşaçılar deyirlər ki, Yusif Ağayev heç dəyişilmir. Bu nə ilə əlaqədardır?

– Təvazökarlıqdan uzaq olsa da, deyim ki, bu, həqiqətən də, belədir. Hərə bir
söz danışır. Biri deyir ki, əməliyyat etdirib, biri deyir ki, nə bilim, nə
olub. Bunu söyləyən insanlar, yəqin ki, Yusif Ağayevin sağlam həyat tərzindən
xəbərləri olmadığına görə bu qənaətə gəlirlər. Bu sözünüzə misal olaraq 1994-cü
ildə İstanbulda çəkdirdiyim şəkli sizə təqdim edirəm. Demək olar ki, 1994-cü il
ilə 2022-ci il arasında qətiyyən fərq yoxdur. Mən susuram, qoy foto danışsın
(gülür). Yusif Ağayev kimi onlar da doğru-düzgün qidalansalar, idmanla məşğul
olsalar, belə qalarlar. Hər kəs bilir ki, mən əlimdə su şüşəsi ilə gəzirəm.
Qızardılmış yeməklərdən imtina edirəm, bol-bol meyvə, ağartı məhsulları qəbul
edirəm. Hər axşam işdən qayıdandan sonra bir saat iti addımlarla yürüş edirəm.
Yürüş edərkən küçədə soyuqda özünə isti yuva və bir az da yem axtaran pişikləri
görürəm. Allahın bizə əmanət etdiyi o dilsiz-ağızsız pişikləri yemləyirəm.
Avtomobilimdə pişik yeməkləri də gəzdirirəm. Görəndə ki kimsə pişiyi vurub
keçib, yolun ortasından o pişiyi götürüb kənara qoyuram. Çalışıram ki, onların
qayğısına qalım. Allah bu mərhəməti məndən əsirgəməyib. Həm də bilirik ki,
onlarda altıncı hiss var. Pişiklər bizim onlara qarşı mərhəmətli, qayğılı
davranmağımızı o dəqiqə hiss edirlər. Bu həm pişiklərə, həm də itlərə aiddir.
Bu gün isə yaşamaq istəyirəm. Bundan sonra nə qədər ömrüm var, bilmirəm, amma
yaşamaq, yenə də tamaşaçıma, dinləyicimə efirdən layiq olaraq xidmət etmək
istəyirəm.

Source link