Yuxudan etdiyinə görə arvadını döyən kişi məhkəməlik oldu
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada
təqsirləndirilən Kələntər Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan
cinayət təqibinə xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa
yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilib.
İttihama görə, hadisə bu ilin yayında, saat 10 radələrində Abşeron rayonu
ərazisində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü Kələntər Əkbərov evdə olarkən qeyri-rəsmi
nikahda yaşadığı zərərçəkmiş Səma Məmmədova (şərti) ilə aralarında ailə məişət
zəminində mübahisə baş verib. O, mübahisə zamanı qadını döşəməyə yıxıb, onun
sağ göz nahiyəsindən yumruqla, sol bud nahiyəsinə ayaqla qəsdən zərbələr
endirərək xəsarət yetirib.
Kələntər Əkbərov məhkəmədə ona elan edilmiş ittiham üzrə tam təqsirli bilib.
Onun sözlərinə görə, Səma ilə təxminən iki ildən artıqdır ki, ər-arvad kimi bir
yerdə yaşayırlar. Lakin rəsmi nikahları yoxdur. Təqsirləndirilən şəxs deyib ki,
hadisə günü evdə yatdığı vaxt anası gəlib, onu yuxudan oyadıb. Lakin yuxudan
ayıla bilmədiyindən və baş ağrıları olduğu üçün dura bilməyib. Aradan bir neçə
dəqiqə keçəndən sonra həyat yoldaşı Səma təkrarən gələrək onu oyadıb. Bu zaman
Kələntər əsəbiləşərək ayağa durub əli ilə qadının sifət nahiyəsindən və sol bud
nahiyəsindən isə təpiklə vurub. O bildirib ki, hadisə zamanı Səma sifət
nahiyəsindən xəsarət alıb. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən
peşman olduğunu söyləyib.