Zədələnmiş pulları harada dəyişdirmək olar? – AÇIQLAMA + FOTO
“Mərkəzi Bank “Nağd pul ofis”lərinin fəaliyyətinin davam etdirilməsi barədə
açıqlama yayıb. Təəssüf ki, vətəndaşlarımızın hamısında bu ofislərin fəaliyyəti
barədə məlumat olmadığı üçün onlar zədələnmiş və tədavülə yararsız milli pul
nişanlarının dəyişdirilməsi ilə bağlı çətinliklərlə üzləşirlər”.
Bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
O bildirib ki, bəzi hallarda vətəndaşlarımız yararsız hala düşmüş pul
əskinaslarını daha aşağı dəyərlə fərdi şəxslər vasitəsilə dəyişdirirlər:
“Pulun yararsız hala düşməsi onun tam dəyərdə dəyişdirilməsi üçün hər hansı
bir maneə yaratmır. Həmin pulları asanlıqla zədələnməmiş əskinaslar ilə
əvəzləmək mümkündür. Qeyd etmək lazımdır ki, vətəndaşlarımız yararsız pul
nişanlarını yalnız Bakıda deyil, həmçinin, Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar,
Quba şəhərlərində yerləşən ərazi idarələrinə müraciət edərək dəyişdirə
bilərlər. Yararsız pul əskinaslarının dəyişdirilməsi zamanı heç bir ödəniş
nəzərdə tutulmayıb. Qanunvericiliyə əsasən, bütöv bir hissədən və ya eyni kağız
pul nişanına məxsus ardıcıl hissələrdən ibarət, səthinin 60 faizindən az
olmayan hissəsini və üzərindəki iki seriya nömrələrindən ən azı birini tam
saxlamış pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz
ödənilir.
Digər tərəfdən, bütöv səthinin üzərindəki təsvir və yazıları onun nominalını
müəyyənləşdirməyə imkan verən həcmdə saxlamış və deformasiyaya məruz qalmamış
metal pul nişanının nominal dəyəri Mərkəzi Bank tərəfindən ödənilir. Buna görə
də, yararsız pul nişanlarınız varsa, onu aşağı dəyərə dəyişdirməyin, qeyd
edilən idarələrə müraciət edərək tam məbləği almaqla onları əvəzləşdirə
bilərsiniz”.