b3cc2d84-4a94-4411-a1f2-cb2b84390f0c..jpg

“Zəfər festivalı”nda robotlar nümayiş olunub – REPORTAJ

Baxış sayı: 910 dəfə baxılıb.

“Zəfər festivalı”nda robotlar nümayiş olunub – REPORTAJ

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində robotların nümayişini əks
etdirən “Zəfər festivalı” keçirilib.

Cixisyolu.com xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100
illik yubileyi ilə əlaqədar təşkil olunan festivalda Milli Aviasiya
Akademiyası, “AzeRobot Education Robototexnika” tədris mərkəzi, “Hobbi Model”
mağazalar şəbəkəsi, “Hədəf” liseyi, 287 saylı Zəkalar liseyi və Xəzər
Universiteti iştirak edib.

Robototexnika, proqramlaşdırma kursları təşkil edən “AzeRobot Education
Robototexnika” tədris mərkəzinin nümayəndəsi Asif Mirzəyev bildirib ki,
festivala qatılmaqda məqsəd orta məktəb şagirdlərinin, yeniyetmə və gənclərin
bu sahəyə marağının artırılması, onların öz işlərinin tanıtımına dəstək
olmaqdır:

“Festivala maraq kifayət qədər yüksəkdir. 70-dən çox tələbəmiz, 10-dan çox
müəllimizlə “Zəfər festivalı”nda iştirak edirik. 5 planer, 10-dan çox dron –
hansı ki, bir çoxunun müəllifi bizim tələbələrimizdir, bu festivalda
izləyicilərə təqdim edilir”.

Festivalın təşkilatçılarından biri olan Nəriman Sultanov vurğulayıb ki, “Zəfər
festivalı” Balaxanı bələdiyyəsinin təşəbbüsü ilə baş tutur:

“Robot festivalında tələbə və gənclərin, şagirdlərin təşəbbüsü ilə hazırlanan
təyyarə modelləri, dronlar nümayiş olunur, xüsusi hazırlanan robotlar təqdim
edilir. Robot festivalının xüsusi hazırlanan uçuş zonasında təyyarə və
dronların sınağı həyata keçirilir. Sərgi zonasında isə avtomobillər, tank
modelləri, müxtəlif robotlar nümayiş olunurlar. “Texnofest”in ölkəmizdə
keçirilməsindən sonra bu sahəyə maraq daha da artıb. Tələbə və gənclərin çoxu
öz şəxsi təşəbbüsü ilə robotlar, dronlar hazırlayıb, nümayiş etdirməyə
çalışırlar. “Zəfər festivalı”nı mini “Texnofest” də adlandırmaq olar. Ümid
edirik ki, bu tədbirlər davamlı keçiriləcək”.

Təşkilatçı Elvin Fərəcov isə qeyd edib ki, “Zəfər festivalı” bu sahəyə girişin
bir növ başlanğıcıdır:

“Festivalın növbəti illərində gələcəkdə keçiriləcək tədbirlərə daha çox
modelistlər cəlb ediləcəklər. Böyük təyyarələrin nümayişini və iri şouların
təşkil edilməsini nəzərdə tuturuq. Dron və robot hazırlayan xüsusilə şagirdlər
arasında həvəsləndirici yarışların keçirilməsi vacibdir. Biz bu festivalla
bağlı elanlar paylaşanda müraciət edənlərin əksəriyyəti məktəblilər idi və
onlar evdə həvəskar şəkildə hazırlanmış robotlarını təqdim edirdilər. Biz
inanırıq ki, bu sahənin gələcəyi parlaqdır”.

Festivala qatılan Milli Aviasiya Akademiyasının 3-cü kurs tələbəsi İmran
Quliyev uçuş mühəndisliyi ixtisası üzrə təhsil alır. İmran bildirib ki, robot
festivalına müəllifi olduğu dronu ilə qatılıb:

“Hazırda aviomodelizmlə məşğulam. Özümün F-450 pilotsuz dronum var. Onun
vasitəsilə avtomat uçuşlar həyata keçirir, dronun xəritədə yerini müəyyən edir,
drona missiya verərək, bunu yerinə yetirməsini təmin edə bilirik. Mən
“Texnofest”də iştirak etmişəm və orada istifadə olunan “Skywalker X8” modeli
ilə də avtonom formada uğurlu uçuşlar həyata keçirmişik. Azərbaycanda
aviomodelizmin inkişafını, gənclərin bu sahəyə marağının artmasını istəyirik”.

Robot festivalının ən gənc iştirakçılarından olan Səfiyar Musazadənin 16 yaşı
var. O özünün hazırladığı dronun sınaq uçuşlarını həyata keçirib.

“Hazırda 9-cu sinifdə oxuyuram. Həvəskar şəkildə dron hazırlayıram.
Məlumatları əsasən internet üzərindən maraqlanırdım. Daha sonra isə bununla
bağlı kurslara getməyə başladım, öz dronlarımı, robotlarımı hazırlayıb,
sınaqdan keçirirəm. Gələcəkdə bu sahə üzrə davam etmək, ən çox xarici ölkələrdə
təhsil almaq istəyirəm”, – deyə, Səfiyar bildirib.

Festivalın digər həvəskar iştirakçısı, 16 yaşlı Elçin Hüseynzadə də robotlar
və dronlar hazırlamaqda maraqlıdır. O, 2 ildir bu sahə ilə məşğul olur:

“Hazırda 33 nömrəli tam orta məktəbdə oxuyuram. Gələcəkdə isə dron mühəndisi
olmaq istəyirəm. İllər öncədən dronlarla bağlı bütün məsələlər mənə maraqlı
gəlirdi. “Mən niyə öz dronumu hazırlamayım?!” – deyə, düşünürdüm. Sosial
şəbəkələr, internetdə paylaşılan tədris videolarına baxaraq, öz üzərimdə
işləməyə başladım. Ötən il Azərbaycanda keçirilən “Texnofest” festivalına
izləyici kimi qatıldım, amma gələcəkdə öz modellərimi bu məşhur festivalda
nümayiş etdirmək istəyərəm”.

“Hobbi Model” mağazalar şəbəkəsinin sahibi İlqar İbayev söyləyib ki, mağazada
dünyanın hər bir yerindən avtomobil, tank, hərbi texnikaların modelləri
gətirilib, satışa çıxarılır:

“Xüsusilə kolleksionerlərin diqqətini cəlb edən bu modellər içərisində nadir
tapılanlar da var. Bir çoxunun ehtiyat hissələri satılır, onu alaraq, özünüz öz
modelinizi hazırlaya bilərsiniz. Festival ərzində daha çox uşaqların bu sahəyə
marağını görürük. Onlar həm modelləri hissələr şəklində alıb, özləri
düzəltməyə, həm də hazır formada alıb, kolleksiya yığmağa maraq göstərirlər.
Əvvəllər daha çox müxtəlif növ avtomobillərin modellərinin toplanmasına maraq
çox idisə, Vətən müharibəsindən, ölkəmizdə keçirilən hərbi paradlardan sonra
hərbi texnikalara da maraq artıb. Ümid edirik ki, kolleksiyalardan ibarət
xüsusi, ayrıca tədbirlər də keçirilər”.

“Zəfər festivalı”nın ən maraqlı stendlərindən biri isə hərbi texnikaların,
tankların hazırlanması ilə məşğul olan İlqar İsmayılovun əl işləri idi. O
əməkdaşımızla söhbətində qeyd edib ki, bütün modelləri Azərbaycan istehsalı
olan materiallardan hazırlayıb. İlqar İsmayılovun öz evində emalatxanası var və
əl işlərini ən çox Avropa ölkələrinə satır:

“Xüsusilə, Finlandiya, Almaniya, Çexiya, Fransa, İngiltərə kimi ölkələrdən
sifarişlər qəbul etmişik. Xarici ölkələrdə Azərbaycan brendi ilə iştirak
edərək, ilk pillələri qazanmışıq. Tank modellərinin bəzilərinin satış qiyməti
500 dollardan başlayır. Hazırladığımız T-26 tank modeli Kiyev şəhərində
keçirilən modelizm yarışmasında birinci yerin sahibi olub. Gənclərin bu sahəyə
marağı kifayət qədər çoxdur. Mənim bir tələbəm var idi, 13 yaşından tank
düzəltməyə maraq göstərirdi və modelizm sahəsində peşəkarlaşmaq istəyirdi. Onun
özünün hazırladığı tank modeli də Ukraynada keçirilən yarışmada 2500 model
arasından ilk yerə çıxmışdı. O hazırda Kazanda təhsil alır.

“Azəri” brendi altında ölkəmizdə istehsal edilən tank modellərini dünyaya
yaymağa çalışırıq. Bizim “Youtube” kanalımızın hesabına 32 ölkədən sifarişlər
qəbul etmişik, maraq göstərənlər olub. Radioidarə sistemi ilə çalışan modellərə
maraq kifayət qədər yüksəkdir”.

İzləyicilərin marağına səbəb olan robot festivalı daha sonra konsert proqramı
ilə davam edib.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Source link