06e23e5e-667d-4ef2-8331-0daa12180d31..jpg

Zəfər Günü: “Hanı bizim bəstəkarlar, şairlər, yazıçılar?” – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 961 dəfə baxılıb.

Zəfər Günü: “Hanı bizim bəstəkarlar, şairlər, yazıçılar?” – “Kaspi”nin
ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zəfər tariximizi taclandıracaq mahnılara, şeirlərə, tamaşalara, filmlərə
ehtiyac var. Bu sahədə müəyyən addımlar atılsa da, incəsənət xadimləri mövcud
vəziyyətdən o qədər də razı deyillər.

Zəfər tariximizdən üç il keçir. Tarixi zəfərimizi istənilən sahədə dünyaya
çatdırmaq önəmlidir. Geniş auditoriyası olan sahələrdən biri də mədəniyyətdir.
Bəs Zəfər Günümüz mədəni müstəvidə layiqincə tərənnüm olunurmu? Zəfərimiz
filmlərdə, ədəbiyyatda, musiqimizdə öz dəyərini, layiqli yerini ala bilirmi?

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.

“Hanı bizim şairlərin zəfər şeirləri…”

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq
Sadıqov deyir ki, Zəfər Gününə həsr olunan maraqlı tamaşalar olub: “Onlardan
biri də Xalq artisti Azər Paşa Nemətovun hazırladığı möhtəşəm sənət əsəri idi.
Onun ölümündən öncə hazırladığı Zəfər tarixinə həs edilən tamaşası uğurlu
alınmışdı. Amma bütün bunlar yetərli deyil. İstər-istəməz sual yaranır: hanı
bizim bəstəkarlar, şairlər, yazıçılar? Onlar bu üç il ərzində Azərbaycanın
Zəfəri ilə bağlı şeirlər, poemalar yazmalıydılar. Bunlar təəssüf ki, yoxdur. 44
günlük müharibənin son qoyduğu torpaq həsrətini təcəssüm etdirən filmlər də
yoxdur. Bir ailənin, bir ocağın fonunda 30 illik ayrılığın vüsala qovuşduğu
tarixi hadisəni ictimaiyyətə çatdıracaq tamaşalar hazırlanmır”.

İclas xarakterli tədbirlər lazım deyil

R.Sadıqov tamaşa və filmlərdən fərqli olaraq Zəfər tarixinə həsr edilən
musiqilərin nisbətən çox olduğunu düşünür: “Musiqi janrında vəziyyət nisbətən
yaxşıdır. Amma biz incəsənət adamlarından bu tariximizi diqqətdə saxlayacaq
daha dəyərli nümunələrin ərsəyə gətirilməsini umuruq.

Bakı Xoreoqrafiya Akademiyasında son günlərdə keçirilən tədbirin konsepti məni
valeh etdi. Tədbirdə tarixi zəfərin qəhrəmanları da yer alırdı. Zəfər Günü
münasibətilə keçirilən tədbirlərin rəngarəngliyi önəmlidir. İclas xarakterli
tədbirlər lazım deyil, daha yaradıcı, bədii tədbirlərə üstünlük verilməsi yaxşı
olardı. Tədbirin mənəvi, vətənpərvərlik aşılayan tərəfi, duyğusu güclü
olmalıdır”.

Keyfiyyətli musiqilər hələ ki azdır

Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının Muğam
kafedrasının müdiri, xanəndə Mənsum İbrahimov isə deyir ki, Zəfərimizdən bu
günə qədər qələbəmizə həsr edilən onlarla musiqi yazılıb: “Təbii ki, biz bu
musiqilərin hər birinə keyfiyyətli deyə bilmərik. Onların içərisində az da olsa
sanballı mahnılarımız var. Biz özümüz də Zəfər nəğməsi yazdıq. Bu mahnı
cəmiyyət tərəfindən yaxşı qəbul edildi, sevildi. Bir çox mahnılar bizə təklif
edildi, lakin mən onları bəyənmədim. Çünki hamısı bir-birinə oxşayırdı.
Düşünürəm ki, Zəfərimiz bənzərsiz və tarixidir. Ona görə də, peşəkar, korifey
musiqiçilərimiz, bəstəkarlarımız bu işə qol qoymalıdırlar. Müxtəlif musiqi
əsərləri yazılmalıdır. Təəssüf ki, bu mövzudan bəhs edən keyfiyyətli musiqilər
hələ ki azdır”.

“Örnək olacaq keyfiyyətli işlər görülməlidir”

Xalq artisti onu da qeyd edib ki, bu mövzuya səviyyəli, dərin mənalı şeirlər
həsr edilməlidir: “Dərsliklərə baxırsan, qarşına bəzən elə şeir çıxır ki,
təəssüflənirsən. Zəfər Gününə aid şeirlər çoxdur, amma keyfiyyətli misralar
azdır. Biz elə böyük zəfər qazanmışıq ki, bu mövzuda kim hansı layihəni, şeiri,
musiqini və ya filmi hazırlayırsa, əlindən gələnin ən gözəlini etməlidir. Biz
xalq olaraq, dövlət olaraq tarixi qələbə qazanmışıq, bu, mütləq təbliğ
edilməlidir. Gənc nəsil böyüyür, gələcək nəsillərə örnək olacaq keyfiyyətli
işlər görülməlidir. Qarabağ ilə bağlı şeirlər, vətənə həsr edilən musiqilər,
torpaqlarımızın azadlığı uğrunda canından keçən oğullarımızın, şəhidlərimizin
xatirəsinə həsr edilən filmlər hazırlanmalıdır”.

“Yaxşı müharibə filmi çəkmək üçün zaman lazımdır”

Rejissor, ssenarist, “Azərbaycanfilm” kinostudiyasının mətbuat katibi Ramil
Ələkbərov isə deyir ki, müharibəni və qələbəni əks etdirən dərin filmlərin
ərsəyə gəlməsi hələ tezdir: “Bir deyim var ki, yaxşı müharibə filmi çəkmək üçün
bir müddət keçməlidir. Şablon səslənsə də, həqiqətən belədir. Müharibəni
müxtəlif rakurslardan təsvir etmək, ssenariləşdirmək asan iş deyil. Hətta zəfər
qazanmazdan öncə də, biz filmlərimizdə Qarabağ mövzusuna toxunmuşuq. Həm bədii,
həm sənədli, həm də qısametrajlı filmlərdə bu mövzuya geniş yer verilib.
Filmlərin hər birinin sonunda zəfər, qalibiyyət ümidi duyulub. Bu filmlərin hər
biri tamaşaçı tərəfindən maraqla, rəğbətlə qarşılanıb.

Tarixi Zəfər qazanıldıqdan sonra İctimai Televiziyanın dəstəyi ilə
“Azərbaycanfilm” kinostudiyasında “Görünməz qəhrəmanlar” sənədli filmlər
silsiləsi çəkilib. 2021-ci ildən bu günə qədər 10 film ərsəyə gətirilib. Təbii
ki, burada danışılan döyüş hekayələrində çox maraqlı faktlar, tarixi anlar üzə
çıxır və ssenariləşdirilir. Şübhə etmirəm ki, bu filmlər gələcəkdə tammetrajlı
bədii filmlərin mövzusu olacaq”.

“Maliyyə dəstəyinə ehtiyacımız var”

R.Ələkbərov onu da vurğulayıb ki, xüsusilə döyüş, müharibə mövzusunda bədii
filmlər üçün böyük məbləğdə maliyyə tələb olunur: “Bu filmlərin istehsalı üçün
həm özəl təşkilatların, həm dövlət qurumlarının, həm də mədəniyyət sahəsində
keyfiyyətli işlərin ərsəyə gəlməsində maraqlı olan hər bir vətəndaşımızın
dəstəyinə ehtiyac var. Mən inanıram ki, hazırda əllərdə bədii film kimi
istehsala buraxılması üçün maliyyə dəstəyini, rejissorunu gözləyən layihələr
var. 2022-ci ildə Qarabağ mövzusunda film müsabiqəsi keçirilib. Müsabiqədə üç
qalib seçilib. Həmin qaliblər, onların ssenariləri çəkiliş üçün maddi dəstək
gözləyirlər”.

Source link