Şamaxıda baş vermiş zəlzələ nəticəsində zərər dəymiş 132 evdə yaşamaq mümkün deyil.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, hazırda komissiyaya daxil olmuş müraciətlər əsasında əraziyə baxış keçirilir:
“Dəymiş ziyanın miqyası müəyyənləşdirilir. Şamaxı şəhəri üzrə baxış keçirmək prosesi başa çatmaqdadır. Şəhər üzrə 2043 müraciət qeydə alınıb. 1954 evə baxış keçirilib. 132 ev qəzalı vəziyyətdədir. Orada yaşamaq mümkün deyil. Bərpa olunası evlərin sayı 526, təmirə ehtiyacı olan evlərin sayı 727, qənaətbəxş hesab olunan evlərin sayı isə 569-dur”.
Baş memar qeyd edib ki, kəndlərdə olan qəzalı tikililərə baxış keçiriləcək.
Qeyd edək ki, fevralın 5-də gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində zəlzələ baş verib. Baş verən təbii fəlakət Şamaxıda bir sıra fəsadlar törədib.
İlhamə Əbülfət