Zəmanətsiz məhsullar xarab çıxarsa, nə etməli? – İZAH
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bəzi məhsullar zəmanətli müddətlə satıldığı halda, bəzilərinə zəmanət verilmir.
Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidməti zəmanət müddəti ilə bağlı qeyd edir:
Zəmanət müddəti – məhsulun zəmanət öhdəliklərinin qüvvədə olduğu müddətdir.
Zəmanət müddəti alqı-satqı müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa,
əşyanın alıcıya verildiyi andan başlanır. Məhsul dəyişdirildikdə, zəmanət
müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
Ancaq qeyd etdiyimiz kimi, hər məhsula zəmanət verilmir. Bəs zəmanət
verilməyən məhsul xarab çıxarsa, onda müştəri nə etməlidir?
Cixisyolu.com bu suala cavab axtarmağa çalışıb.
Bildirək ki, belə hal hamının başına gələ bilər. Burada müştəri ilə satıcı
arasında mübahisə də yarana bilər. Lakin bunlar faktiki reallıqlardır. Ola
bilər ki, alıcı ilə satıcı məsələləri bir-birinin vicdanına buraxsınlar.
Hüquq isə, zəmanət verilməyən məhsul xarab çıxarsa, istehlakçı üçün də, satıcı
üçün də hüquq tanıyır.
Belə ki, istehlakçı istehsalçı qarşısında zəmanət müddəti müəyyən edilməmiş
mallarda aşkar olunmuş qüsurlar barədə məlumat verməlidir.
Burada bir məqam var. Elə bir hal ola bilər ki, məhsulun zəmanətli
olub-olmaması ilə əlaqədar istehlakçı ilə malı satan arasında müqavilə
imzalansın. İstehlakçı bu müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iki il və
daha uzun müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna
malikdir.
Mülki Məcəllənin 589.2-ci maddəsində bu situasiya ilə bağlı hüquqi izah
verilir.
Qeyd olunur ki, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti
müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin
əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı-satqı müqaviləsi ilə
nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər.
Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi
müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.
Aqil Vəlili