“2020-ci ilin 20 oktyabrnda Prezident, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan rayonu
işğaldan azad edildi. 2020-ci ilin 23 dekabrında isə bayrağımız Zəngilan
rayonunda dalğalandı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə 20 oktyabr Zəngilan şəhəri günü kimi müəyyən olunub. Bu, bölgənin
tarixi və coğrafi əhəmiyyətini bir daha ortaya qoydu. 20 oktyabr Zəngilan
şəhərinin işğaldan azad edilməsi günü kimi qeyd edilir”.
Bunu Cixisyolu.com-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, İran və Ermənistanla həmsərhəd olan Zəngilan strateji baxımdan
mühüm əhəmiyyət daşıyır: “Rayon Ordumuzun rəşadəti ilə işğaldan azad edildikdən
sonra Azərbaycanın Zəngəzur bölgəsinə nəzarət imkanları genişləndi ki, bu da
gələcək inkişaf perspektivləri üçün önəmli rol oynayır. Eyni zamanda, Ağbənd
qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran
sərhədinin 132 kilometrlik hissəsi bərpa olundu. Sərhədin nəzarətə alınması
nəticəsində Ermənistana yönələn hərbi yüklərin qarşısı alındı. Bundan əlavə,
Qubadlı istiqamətindən gələcək erməni qüvvələrinin mühasirəyə alınması və tez
bir zamanda zərərsizləşdirilməsi asanlaşdı. İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi
yolu Ermənistan üçün strateji əhəmiyyət daşıyan nəqliyyat marşrutu idi.
Zəngilanın azad olunması ilə bu yolun əsas hissəsi Ordumuzun nəzarətinə keçdi
və bu, müharibə zamanı həlledici mərhələ oldu”.
“Zəngilanda bərpa-quruculuq işləri sürətlə davam edir. İlk pilot layihə
çərçivəsində Ağalı kəndində 200 evdən ibarət kənd salınıb. Kəndin davamlı
genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin
şaxələndirilməsi də nəzərdə tutulur. Burada məktəb, bağça, tibb məntəqəsi,
bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri
mövcuddur. Ağalı kəndi dünyanın “ağıllı kənd” konsepsiyalı ilk müasir
kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində
Zəngilanın xüsusi rolu var. “Ağıllı kənd” layihələri, kənd təsərrüfatınn
inkişafı, ekoloji tarazlığın qorunması və qida təhlükəsizliyinin təmin edilməsi
yönündə atılan addımlar arasında yer alır. Zəngilanın günəş enerjisi potensialı
bu bölgəni “yaşıl enerji” zonasına çevirmək məqsədini güdür”, – deyə deputat
vurğulayıb.
Müsahibimiz Zəngilanda günəş enerjisinin böyük potensialı olduğunu da diqqətə
çatdırıb: “2022-ci ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma
torpaqlarında məskunlaşmağa başlayıblar. Böyük Qayıdış layihəsi çərçivəsində
Zəngilan rayonunun Ağalı kəndində ümumilikdə 175 ailənin, yəni 871 nəfərin
məskunlaşması təmin olunub. Yeni köçürülən ailələr müvafiq qurumlar tərəfindən
peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin edilirlər. Onlar
müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti
şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışılar.
Zəngilanın müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin Baş planı
artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış
layihəsi icra edilməkdədir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının
böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilən torpaqlara həm
vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə
malikdir. Zəngilan mühüm nəqliyyat qovşağıdır və nəqliyyat dəhlizləri üzərində
yerləşir. Ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin
inkişafı baxımından mühüm faktor olub”, – deputat deyib.
“Prezident İlham Əliyev Zəngilan rayonuna bir neçə dəfə səfər edərək bərpa
işləri ilə tanış olub, müvafiq layihələrin təməlqoyma mərasimlərində iştirak
edib. Bu səfərlər Zəngilanın yenidən dirçəlişi və infrastrukturunun inkişafına
yönəlib.
Zəngilan şəhəri günü Azərbaycanın tarixi torpaqlarının azad edilməsi və
yenidən bərpası yolunda atılan mühüm addımları simvolizə edir. Bu gün, eyni
zamanda, gələcəkdə Zəngilanın inkişafı və revitalizasiyası məqsədilə atılan
addımları qeyd etmək üçün bir fürsətdir”, – deyə P. Vəliyeva əlavə edib.
Mərahim Nəsib