Zəngilanda ekoloji məsələlər üzrə işçi qrupun iclası keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Zəngilan şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün
yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası
Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib.
Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi
Nümayəndəliyi məlumat yayıb.
İclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan
rayonlarında Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna
daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)
Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Laçın rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi
Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi
Rayonunda 1 və 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri
iştirak ediblər.
İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar tərəfindən Şərqi
Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan
rayonlarında bərpa-quruculuq, layihələrinin icrası zamanı ekoloji dayanıqlığın
təmin olunması, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində Cəbrayıl rayonunda
meşəçilik sahəsində görülmüş işlər müzakirə olunub. Eyni zamanda, tədbirdə
Zəngilan və Cəbrayıl rayonlarında aparılan içməli və tullantı su sistemlərinin
yenidən qurulması işləri, Cəbrayıl rayonunda kəhrizlərin bərpası və su
ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri,
yol-infrastruktur layihələrinin icrası zamanı ətraf mühitə minimum təsirə nail
olunması, yol tikintisi işlərində tələb olunan xammal təminatı, faydalı qazıntı
yataqlarından səmərəli istifadənin təşkili, işğaldan azad edilmiş ərazilərdə
ekoloji qiymətləndirmə və yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə
fəaliyyəti, bərk məişət tullantılarının idarə olunması və Şərqi Zəngəzur
iqtisadi rayonunda icra olunan layihələrin ekoloji qiymətləndirilməsi
məsələləri nəzərdən keçirilib.