459ed408-a241-4c9b-9990-405f1335e88a..jpg

“Zəngilanın memarlıq üslubuna uyğun yaşayış komplekslərinin layihələri hazırlanır” – MÜSAHİBƏ

Baxış sayı: 534 dəfə baxılıb.

“Zəngilanın memarlıq üslubuna uyğun yaşayış komplekslərinin layihələri
hazırlanır” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-quruculuq
işləri dayanıqlı inkişaf prinsiplərinə əsaslanır və “Ağıllı şəhər”, “Ağıllı
kənd” konsepsiyaları icra olunan layihələrdə əsas götürülür”.

Bunu “Report”a müsahibəsində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. Onunla müsahibəni təqdim
edirik:

– Cari il ərzində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında hansı işlər görülüb? Bu müddət ərzindəki
fəaliyyətinizi dəyərləndirməyinizi xahiş edirəm.

– “Böyük Qayıdış” Proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında 24 kənd, beş qəsəbə, üç şəhərin yenidən
qurulması və tikintisi nəzərdə tutulur. Buna qədər sözügedən rayonlar üzrə 10
kənd, bir qəsəbə və üç şəhər mərkəzində çoxmənzilli yaşayış məhəllələrinin,
həmçinin bir sıra infrastruktur obyektlərin təməlqoyma mərasimləri həyata
keçirilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-qurucluq işləri
dayanıqlı inkişaf prinsiplərinə əsaslanır və “Ağıllı şəhər”, “Ağıllı kənd”
konsepsiyaları icra olunan layihələrdə əsas götürülür.

Yenidən salınacaq şəhər, qəsəbə və kəndlərin konseptual əsasını “rahat
yaşayış”, “yaşıl və təmiz”, “mütərəqqi innovasiyalar” kimi yanaşmalar təşkil
edir. Həmçinin, bütün yaşayış məskənləri mənzərəli landşaftı, ictimai
məkanları, sağlam ətraf mühiti sayəsində sakinlər və qonaqları üçün rahat həyat
şəraiti ilə seçiləcək.

Onu da bildirmək istərdim ki, 2026-cı ilədək sözügedən üç rayon üzrə 40 mindən
çox keçmiş məcburi köçkünün öz doğma yurduna geri qayıdışı nəzərdə tutulub.

– Prezidentin xüsusi nümayəndəsi kimi Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşlər keçirirsiniz. Həmin
görüşlərdə sizə daha çox hansı məsələlərlə bağlı müraciətlər edilir?

– Təbii ki, biz mütəmadi olaraq sakinlərlə görüşlər keçiririk. Onların
müxtəlif səpkidə olan müraciətləri qəbul olunur və qaldırılan hər bir məsələ
üzrə tədbirlər görülür. Amma ümumilikdə bildirmək istərdim ki, vətəndaşların
qəbulu zamanı müraciətlərinin böyük qismi əraziyə səfərlərlə bağlı olur. Biz də
aidiyyəti üzrə hər üç rayon üzrə qrafik əsasında səfərlər təşkil edirik ki,
keçmiş məcburi köçkünlər öz doğma ata-baba yurdlarını görə bilsinlər. Bütün bu
proseslər təhlükəsizlik qaydalarına riayət olunmaqla ANAMA ilə koordinasiyalı
şəkildə təşkil olunur.

– Prezident İlham Əliyev bu il mayın 4-də Zəngilan rayonuna səfər edib. Rayon
Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub. İşlərə
başlanılıbmı?

– Söhbətimizin əvvəlində mən artıq qeyd elədim ki, Prezidentin iştirakı ilə
Zəngilan rayonunda bir sıra yaşayış məskənlərinin və infrastruktur
obyektlərinin təməli qoyulub. Həmçinin, bunların içərisində 91 çarpayılıq
Zəngilan Rayon Mərkəzi Xəstəxanası, eləcə də Cahangirbəyli kəndi də yer alır.

Məlumat üçün bildirmək istərdim ki, təməlqoymadan sonra sənədləşmə və
layihələndirmə işlərinə başlanıb. Hazırda layihələrin tender prosesinə hazırlıq
gedir.

– Bəs Zəngilan şəhərinin tikintisinə nə vaxtdan başlanılacaq?

– Zəngilan şəhərinin Baş Planı təsdiq olunub və Baş Plana uyğun infrastruktur
layihələr hazırlanmaqdadır. Həmçinin, Zəngilanın memarlıq üslubuna uyğun olaraq
yaşayış komplekslərinin layihələri hazırlanır.

Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərdə ilk yaşayış məskəni məhz
Zəngilan rayonunun Ağalı kəndində salınıb. Bu günədək “Böyük Qayıdışa dair I
Dövlət Proqramı” çərçivəsində 175 ailədən ibarət 871 nəfər Zəngilan rayonunun
Ağalı kəndində məskunlaşıb.

Zəngilan şəhərində artıq hava limanı, Konqres Mərkəzi fəaliyyət göstərir.
Sözügedən mərkəzdə bu günədək üç beynəlxalq tədbir təşkil edilib.

– Ağalı kəndinin sakinlərinin məşğulluq probleminin həlli, onların əkinçiliklə
məşğul olması və istirahəti üçün hansı şərait yaradılıb?

– Ağalı kəndinə köçmüş sakinlər üçün zəruri olan bütün infrastruktur şərait
yaradılıb. Burada “Ağıllı kənd” meyarlarına uyğun zəruri xidmətlər, iş yerləri
və digər bu səpkidə imkanlar yaradılıb. Hazırda bu kənddə 175 ailə firavan
şəkildə yaşayır. Həmçinin, hər bir ailənin həyətində kiçik təsərrüfat üçün
uyğun şərait mövcuddur.

– Horadiz-Ağbənd dəmir yolu və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil
yolunun tikintisi ilə bağlı işlər nə yerdədir? Tikinti işlərinin nə zamana kimi
yekunlaşması gözlənilir?

– 110 km uzunluğunda olan Horadiz-Ağbənd dəmiryol xətti ilə də bağlı işlər
aparılır. Eləcə də Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi
işləri də davam etdirilir. Bu işlərin 2025-ci ilədək tamamlanması
planlaşdırılır. Bu il Araz çayı üzərində Azərbaycanın Şərqi Zəngəzur bölgəsini
İran üzərindən Naxçıvanla kommunikasiya əlaqələri təmin edəcək körpünün də
təməlatma mərasimi həyata keçirilib.

– Bəs Qubadlı və Cəbrayıl rayonlarına insanların köçürülməsi nə zamandan
planlaşdırılır?

– Bu günədək Qubadlıda şəhər mərkəzinin və üç kəndin təməlqoyma mərasimləri
həyata keçirilib. Hazırda Zilanlı, Mahruzlu kəndlərində tikinti işlərinə
başlanılıb və Xanlıq kəndində isə layihələndirmə işləri həyata keçirilir.

Bildirmək istərdim ki, hazırda Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi
inşa olunur. O, altı məhəllədən ibarətdir və 33 ümumi yaşayış binası tikiləcək.
Şəhər mərkəzində 4-5 mərtəbəli binalar olacaq və 712 mənzil tikiləcək. Biz
planlaşdırırıq ki, tikinti işləri növbəti ildə başa çatacaq və bundan sonra
həmin binalarda 2 158 sakin məskunlaşacaq.

Onu da bildirmək istərdim ki, buna qədər Cəbrayıl rayonunda Xudafərin
qəsəbəsinin, Horovlu, Soltanlı və Şükürbəyli kəndlərinin təməli qoyulub.
Horovlu kəndində artıq tikinti işlərinə başlanıb.

– Rəhbərlik etdiyiniz rayonların sakinlərinin öz ata-baba evlərini ziyarət
etmələri üçün onlara şərait yaradılırmı? Əgər yaradılırsa, onlar bunun üçün
hara müraciət etməlidirlər?

– Daha öncə qeyd etdiyim kimi, öz ata-baba yurdlarını görmək istəyən
vətəndaşlar üçün təhlükəsizlik qaydalarına riayət etməklə mütəmadi səfərlər
qrafik üzrə təşkil olunur. Bunun üçün sakinlər Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə müraciət edirlər və
hər ay onlarla müvafiq qaydada görüş keçirilir. Həmçinin, vətəndaşların
Cəbrayıl, Qubadlı və Zəngilan icra hakimiyyətlərinə edilən müraciətləri
əsasında da ziyarətlər təşkil olunur.

Source link