Bakının Binəqədi rayonundakı “Bakı Ağac Emalı” ASC-nin ərazisində baş verən
partlayışla bağlı cinayət işinin növbəti məhkəmə baxışı keçirilib.
Cixisyolu.com-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmir
Rüstəmovun sədrliyi ilə baş tutan iclasda partlayış zamanı ölən 10 nəfərin
hüquqi varislərinin ifadələri dinlənilib.
Partlayış zamanı həyatını itirən Elvin Rüstəmovun həyat yoldaşı ifadəsi zamanı
vurğulayıb ki, əri həmin zavodda ağac kəsimi prosesində fəaliyyət göstərib. O,
həyatını itirdikdən sonra ailəsi böyük sıxıntılarla üzləşib. Kirayədə
qaldıqları üçün ciddi maddi problemləri var. Zərərçəkənin nümayəndəsi onu da
bildirib ki, həyat yoldaşının ölümündən sonra sahibkar Tağı İbrahimovun
yaxınları ona 5 000 manat məbləğində yardım ediblər. Amma buna baxmayaraq, o,
təqsirləndirilən Tağı İbrahimovdan ailəsinin evlə təmin edilməsini istəyib.
Digər zərərçəkmişlərdən Solmaz Abbasovanın oğlu Tural Həsənov deyib ki,
keçirdiyi sarsıntıdan hələ də özünə gələ bilməyib:
“Anam həmin zavodun binasındakı tikiş sexində işləyirdi. İşlədiyi yerin dəqiq
harada yerləşdiyini bilmirəm. Hadisəni də işlədiyi yerə gələndə öyrəndim. Həmin
gün anama zəng etmişdim. İş vaxtı bitdikdən sonra anam evə qayıtmadı və mən
narahat oldum. Daha sonra partlayış yerində olanları öyrəndim”.
Məhkəmənin növbəti iclası oktyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, ibtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü
Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən,
1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına
riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi, bu qaydaları ehtiyatsızlıqdan
pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin
ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə
səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri
ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar
əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda
vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi
qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların
pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda)
maddələri ilə, Toğrul Rzayevə isə həmin məcəllənin 225.3-cü maddəsi ilə yekun
ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı
əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Elgün Həsənli