“Zərifə” vəfat edən “Rəşid” barədə: “Filmin 50 illik yubileyinə dəvət etdik,
gəlmədi” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azər Qurbanovun ölüm xəbəri mənə çox pis təsir etdi. Dünəndən hamı mənə mesaj
yazıb, başsağlığı verir. Yusif Şeyxova da yazdım ki, biz dostumuzu itirdik.
Filmdən sonra biz çox yaxın idik, tez-tez görüşürdük. Onlar bizə gəlirdilər,
biz onlara gedirdik”.
Bunu Moderator.az-a açıqlamasında “Sehirli xalat” filmində “Zərifə” rolunun
ifaçısı Solmaz Hətəmova ötən gün dünyasını dəyişən həmkarı, “Rəşid” rolunun
ifaçısı Azər Qurbanovdan danışarkən deyib.
“Filmin 50 illik yubileyində onu dəvət etdik, amma gəlmədi. Fikirləşirəm ki,
bəlkə o vaxtı da xəstə idi. Bizə şəkil göndərdi, onda da sağlam adama
oxşamırdı. Səhv etmirəmsə, anası sağ idi. Yaşı 90-nı keçib. Azərin 69 yaşı var
idi. Bakıda yaşayırdılar. Moskvaya gedib təhsil aldı, sonra orada qalıb
çəkildi. Məni də dəvət etmişdilər, “Odessa” kinostudiyasının lentə aldığı
filmdə “Ərəb şəhzadəsi”ni oynayırdı. Çox təəssüf ki, son dəfə görüşə bilmədik.
Təxminən 40 il idi ki, bir-birimizi görmürdük. Kaş bir dəfə görüşərdik, qismət
olmadı. Bir müddət Almaz Mustafayeva ilə birlikdə Gənc Tamaşaçılar Teatrında
çalışıb. Son dəfə onu görsəydim, soruşardım ki, nə edir, necədir, nə işlə
məşğuldur? Sonuncu dəfə “O üz” verilişində biz bir araya gəldik. Yusif Şeyxov,
Nazim Mustafayevlə görüşdük. Azər Qurbanov da onlayn müsahibə vermişdi.
Müsahibəsində də bildirmişdi ki, məni də, Yusifi də çox istəyir”, – deyə
sənətçi bildirib.
Filmdə “Eldar” rolunu oynayan Əməkdar mədəniyyət işçisi, ssenarist Yusif
Şeyxov da xatirələrini bölüşüb.
“Azər uzun illər idi ABŞ-də yaşayırdı. Orada özünün biznesi var idi. Sosial
şəbəkədə əlaqə saxlayırdıq. Çünki bizim ölkələrimiz arasında saat fərqi var
idi. Filmin uğurundan danışırdıq, sevinirdi, fərəhlənirdi. Oğlu iki gün öncə
mənə zəng edib. Mən eşitməmişdim. Səhər durub zəng etdim, özü cavab vermədi.
Oğlu dedi ki, atam rəhmətə gedib. ABŞ-də dəfn olunub. Ağır xərçəng xəstəsi
olub. 5 il idi xəstə idi. Amma heç kəsə bildirməyib. Azər həyat yoldaşı və
oğluyla yaşayırdı. Oğlu deyir ki, mədəsindən şikayət edib, bilməyib xərçəng
olduğunu. Çox ağır şəraitdə xəstəxanaya yerləşdirilib. Xərçəng artıq bir neçə
orqanına yayılıb. Azərə əli çatmayanlar mənim vasitəmlə onunla əlaqə
saxlayırdılar. Çox vaxtı da cavab vermirdi. “O üz” verilişində bizi onlayn
salamlamışdı. “Facebook”da sonuncu statusunda onu tanıyanların hamısına
təşəkkür edib. Sanki Azər bu mesajla bizlərlə vidalaşırdı. Çox qəmgin yazı idi.
Biz dostumuzu, ən əsası uşaqlıq dostumuzu itirdik. Allah ona rəhmət etsin”.