Zabux kəndinə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Laçının Zabux kəndinə qayıdan
ailələr yeni evlərinin açarlarını təhvil alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köç karvanı respublikanın müxtəlif
ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdim edilməsi mərasimində deputat Mahir Abbaszadə, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, kənd icra nümayəndəliyinin
əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alaraq evlərində məskunlaşıblar.
16:53
Bu gün səhər saatlarında paytaxtın Qaradağ rayonundan Laçına yollanan ailələr
doğma yurdlarına – Zabux kəndinə çatıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonunun Zabux kəndi bu gün 27
ailəyə qucaq açıb və daha 95 sakinin yurd həsrəti bitib.
Onlar kənddə böyük coşqu ilə qarşılanıb, illərdir həsrətini çəkdikləri kəndin
gözəl mənzərəsini seyr ediblər. Sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran
rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük
ehtiramla yad ediblər.
Bununla da Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi məskunlaşması
təmin olunub.
Qeyd edək ki, Zabux sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının
göstərişi əsasında yenidən tikilən evlərdə yaşayış üçün bütün şərait yaradılıb.
06:37
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux
kəndinə növbəti köç karvanı yola salınıb.
“Report” xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 25-də
Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Zabux kəndinə daha
27 ailə – 95 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Zabux sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda
canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyiblər.
Xatırladaq ki, indiyədək Zabux kəndində 203 ailənin, yəni 783 nəfərin daimi
məskunlaşması təmin edilib.