“Zabux” KSES-də il ərzində 8-9 milyon kilovat/saat yaşıl enerji istehsal
ediləcək – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Zabux” KSES-də il ərzində 8-9 milyon kilovat/saat “yaşıl enerji” istehsal
ediləcək”.
“Report”un Laçına ezam olunmuş əməkdaşının məlumatına görə, bunu
“Azərenerji”nin Texniki İstehsalat İdarəsinin rəis müavini Muxtar Mahmudov
jurnalistlərə açıqlamasında deyib.
Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən yaşıl
hidroenerji layihələri və perspektiv hədəflər haqqında Prezidentİlham Əliyev
tərəfindən irəli sürülən “yaşıl enerji zonası”nın yaradılmasına dair strateji
baxış və 2030-cu ilə qədər ölkəmizin sosial-iqtisadi inkişafına dair beş milli
prioritetdən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi təsbit
edilməsi, həmçinin Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının hidroenerji potensialının yenidən tədqiqi barədə “AzərEnerji”
ASC-yə verdiyi tapşırığın icrası məqsədilə işğal dövründə dağıdılmış su
elektrik stansiyalarından əlavə, ekoloji normalar daxilində yeni su elektrik
stansiyalarının tikintisi barədə hesabat hazırlanaraq təqdim edilib. Hesabata
əsasən, bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyası olacaq.
Regionun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması və
hidroenerji ehtiyatlarından səmərəli istifadə istiqamətində tapşırıqlara uyğun
olaraq, regionun sərt, keçilməz iqlim və relyef şəraitinə rəğmən, üç ildən az
bir müddətdə ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası yenidən qurulub
və ya yeni tikilib.
Ümumi gücü 44 MVt olan dörd su elektrik stansiyasında isə avadanlıqların
quraşdırılması və sazlama işləri icra edilir. Nəticədə bütün region üzrə
dayanıqlı elektrik təchizatı sxemi yaradılıb və COP29 tədbirinin keçiriləcəyi,
“Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ilin birinci yarısında
ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara veriləcək. Bu
stansiyalarda il ərzində 600 milyon kilovat/saatdan çox yaşıl enerji istehsal
ediləcək. Bu da 160 milyon kubmetrdən artıq təbii qaza qənaət edilməsi,
atmosferə atılan karbon qazının həcminin isə 330 min tondan çox azalması
deməkdir. Bundan əlavə, ümumi gücü 37,5 MVt olan altı kiçik su elektrik
stansiyası layihəsinin icrası ilə bağlı tender prosedurlarının keçirilməsinə
başlanılıb. Bu layihələr üzrə stansiyaların 2025-ci ilin birinci yarısında
istismara verilməsi gözlənilir.
Ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur
regionlarının elektrik enerjisi tələbatı 100 faiz yaşıl enerji hesabına təmin
edilir və tələbatdan artıq qalan həcm ölkənin enerji sisteminə ötürülür.
Perspektiv layihələr də nəzərə alınsa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonları ərazisində icra edilmiş və icrası gözlənilən yaşıl enerji layihələri
ümumilikdə 1 100 MVt təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından
12-15 dəfə çoxdur. Regionun 2040-cı il üçün ümumi güc tələbatı 1 000 MVt
proqnozlaşdırılır ki, bu da icra olunacaq yaşıl enerji layihələrinin həcmi
nəzərə alınmaqla 20 il sonra bölgənin tam olaraq yaşıl enerji ilə təmin
ediləcəyi deməkdir.
“Zabux” KSES (Kiçik Su Elektrik Stansiyası) 2,8 MVt, “Qarıqışlaq” KSES isə 4
MVt gücündədir. “Zabux” KSES-də il ərzində 8-9 milyon, “Qarıqışlaq” KSES-də il
ərzində 11-12 milyon kilovat/saat yaşıl enerji istehsal ediləcək.
Stansiyaların enerji sisteminə inteqrasiyası üçün yeni yarımstansiyalar
tikilib, 35 kV-luq yeni elektrik verilişi xətti çəkilib. Yeni optik kabel xətti
çəkilməklə stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə
inteqrasiya edilib. Nəticədə rəqəmsal qaydada açılıb-qoşulma, intellektual
idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olmaqla yanaşı,
stansiyalara Bakıdan nəzarətin əlçatanlığı təmin edilib. Zabux çayının tam
olaraq Azərbaycan ərazisində formalaşan, bolsulu və itiaxan dağ çayı olduğunu
nəzərə alsaq, azsulu mövsümlərdə də bu stansiyanın məhsuldar istismarı mümkün
olacaq.
“Zabux” KSES Həkəri çayının sağ qolu olan Zabux çayı üzərində tikilib. Bura
vahid ölkə enerji sisteminə inteqrasiya olunub və burada istehsal olunan
elektrik enerjisi həm Laçın rayonunda enerji tələbatına istifadə olunacaq,
artıq qalan enerji isə ölkə enerji sisteminə ötürüləcək. “Qarıqışlaq” SES də
Zabux çayı üzərində inşa edilib. Bu stansiya da ölkə enerji sisteminə
inteqrasiya olunub. Hər iki stansiyada ekoturbinlər quraşdırılıb ki, onlar
çayda ekoloji axımın normasını qorumaqla ümumilikdə 1,4 dəfə daha artıq ekoloji
axımın saxlanılmasına şərait yaradır. Çay səviyyəsinin azalması halında isə
avtomatik dayanır. Sözügedən stansiyaların tikintisi prosesində yeni
balıqötürücü, həmçinin liltutucu qurğular tikilməklə stansiyanın ekoloji
təsirləri minimuma endirilib. Daşqınlar zamanı baş verə biləcək fəsadların
qarşısı alınıb.
Daha çox foto burada: PhotoStock.az