Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Laçının Zabux kəndinə qayıdan
ailələr yeni evlərinin açarlarını təhvil alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köç karvanı respublikanın müxtəlif
ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Belə ki, 36
nəfər olmaqla 9 ailə Bakıda, 10 nəfər olmaqla 3 ailə Sumqayıtda, 16 nəfər
olmaqla 4 ailə Abşeronda, 4 nəfər olmaqla 1 ailə Mingəçevirdə, 20 nəfər olmaqla
6 ailə Bərdədə, 4 nəfər olmaqla 1 ailə Lənkəranda, 2 nəfər olmaqla 1 ailə isə
Ağcabədidə məskunlaşmış keçmiş məcburi köçkün ailəsinin yurd həsrəti sona çatıb.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil
olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin,
hüquq-mühafizə orqanlarının, kənd icra nümayəndəliyinin əməkdaşları və digər
şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alaraq evlərində məskunlaşıblar.
17:30
Səhər saatlarında Bakın şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç
karvanı Laçın rayonunun Zabux kəndinə çatıb.
“Report” xəbər verir ki, daha 25 ailə – 92 nəfər yurda çatıb.
Xatırladaq ki, indiyədək Zabux kəndində 146 ailənin, yəni 568 nəfərin daimi
məskunlaşması təmin edilib.
06:33
Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.
Cixisyolu.com-ın məlumatına görə, dekabrın 15-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində
məcburi köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin
qarşısından 25 ailə (92 nəfər) Zabux kəndinə yola salınıb.
Xatırladaq ki, bu gün köç edənlər də nəzərə alınmaqla ümumilikdə Zabux kəndinə
146 ailə (568 nəfər) köçürülüb.
Aytac Qasımova