Zakir Həsənov azad edilmiş ərazilərə dair göstərişlər verdi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci
ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən tədbirdə iştirak
edib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Şəxsi heyətlə görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti və
sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata
keçirilən tədbirlərin davam etdirildiyini qeyd edib. Ali Baş Komandanın
Azərbaycan Ordusu qarşısında qoyduğu əsas vəzifələrdən danışıb.
Hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış
məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətini müsbət
qiymətləndirən nazir şəxsi heyəti təbrik edib, onlara gələcək xidmətlərində
uğurlar arzulayıb. Komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup
hərbi qulluqçu təltif olunub.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi yeni istifadəyə verilən hərbi obyektə
baxış keçirib.
Məruzə edilib ki, müasir standartlara uyğun yeni inşa edilmiş hərbi obyektdə
xidmətin təşkili və hərbi qulluqçuların asudə vaxtlarının səmərəli keçirilməsi
üçün hər cür şərait mövcuddur.
Qarovul evində yaradılan şəraitlə də tanış olduqdan sonra general-polkovnik
Z.Həsənov hərbi avtomobillərə baxış keçirib, nəqliyyat vasitələrinin texniki
göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin təlimata uyğun
istifadə və istismarına xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq tövsiyələr
verib.
Müdafiə naziri qoşun, qarnizon qarovul, patrul və azad edilmiş ərazilərdə
komendant xidmətinin keyfiyyətli təşkilinə dair göstərişlər verib, digər zəruri
tədbirlərin davam etdirilməsi ilə əlaqədar vəzifəli şəxslər qarşısında konkret
tapşırıqlar qoyub.
Sonda Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissənin ərazisində
ağaclar əkilib.